
Kurban Berdiyev baş məşqçisi olduğu «Turan Tovuz»un rəhəbrliyinə yeni təklif verib.
Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.
Bildirilib ki, rusiyalı mütəxəssis əsas komandaya bağlı transfer şöbəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.
O, bu işlərlə məşğul olacaq şəxsin adını çəkib, qeyd eləyib ki, Azərbaycanda ondan yaxşı kimsənin güclü seleksiya fəaliyyəti görəcəyinə inanmır.
Verilən xəbərə görə, Kurban Berdiyev Səməd Nəsibovun «qələmini qırmaq» üçün əl-qolunu çırmalayıb.
Ötən mövsüm uğursuzluğa düçar olan baş məşqçi idman direktorunu komandadan tamamilə uzaqlaşdırmaq məqsədi güdür.
Rusiyalı mütəxəssis İdarə Heyətinin sədri Ehtiram Quliyevə adıçəkilən funksionerdən şikayət edib, bildirib ki, S.Nəsibov onun əleyhinə çalışır.
Berdiyev iddia eləyib ki, idman direktoru seleksiya işinə barmaqarası yanaşır, ona yaxşı futbolçular göndərmir.
Həmçinin deyib ki, Nəsibov yalnız özünə yaxın menecerlərin «əlinə oynayır», onların oyunçularını «Turan»a gətirməyə can atır.
72 yaşlı sabiq «Rubin»li sükançının fikrincə, idman direktoru bundan sonra təşkilati məsələlərə vaxt ayırmalı, qətiyyən seleksiya işinə girişməməlidir.
Baş məşqçi şikayətlənib ki, Nəsibovun indiyədək ona təklif etdiyi əcnəbi oyunçuların əksəriyyətinin səviyyəsi aşağı, qiyməti isə çox yüksəkdir.
SPORTİNFO.AZ