
Növbəti mövsümə hazırlığı Türkiyədə davam etdirən “Turan Tovuz” iyulun 29-da yoldaşlıq görüşü keçirəcək.
Rəqib də kim olsa yaxşıdır?
İran Pro Liqasının son qalibi, dünya azərbaycanlıların sevimli klubu “Traktor”.
Rəqiblə razılıq əldə olunsa da, matçın başlama saatı və məkanla bağlı dəqiq məlumat yoxdur. Bu yöndə danışıqlar davam edir.
İndiki məqamda hər kəsi maraqlandıran sual qarşılaşmanın canlı yayımlanıb-yayımlanmayacağıdır.
Xəbəriniz olsun ki, hazırda bu yöndə müəyyən çalışmalar gedir.
Hər iki klubun rəhbərliyi oyunun birbaşa göstərilməsində maraqlıdır. Sadəcə, oyunun keçiriləcəyi stadionda canlı yayım üçün şərait olmalıdır. Məhz bunun üçün uyğun meydan axtarılır.
Ortaya hər hansı problem çıxmasa, yoldaşlıq görüşü ilk dəqiqələrdən efirə daşınacaq və çox güman, “Turan Tovuz”un “youtube” kanalı vasitəsi ilə təqdim olunacaq.
HƏBİB / SPORTİNFO.AZ