Tovuz stadionu ilə bağlı MÜHÜM MƏLUMAT

19:40 Turan 599
Tovuz stadionu ilə bağlı MÜHÜM MƏLUMAT

“Turan Tovuz” növbəti mövsümün əvvəlində ev oyunlarını doğma şəhərdən kənarda keçirəcək.

Buna səbəb Tovuzdakı stadionun süni örtüyünün təbii ilə əvəzlənəcəyinə görədir.

Bununla bağlı plan çoxdan qurulub. Hələ iki ay əvvəldən klub rəsmiləri yayda arenaya yeni qazonun salınacağı ilə bağlı açıqlama verməklə gündəmə gəlmişdi.

Çempionatın başa çatmasından təxminən ayyarım vaxt keçib. İyun qurtarıb, iyulun bir neçə günüylə sağollaşmışıq. Gələn “futbol ili”nin başlamasına bir aydan bir az artıq vaxt qalıb.

Lakin örtüyün dəyişdirilməsi ilə bağlı məsələ plan olaraq masanın üzərində “yatır”. Gecikmənin müşahidə olunmasından həm “Turan Tovuz” əziyyət çəkəcək, həm də doğma komandasına həsrət qalacaq azarkeşlər.

Çünki qazonun yenilənməsi prosesi uzandıqca, komandanın ev oyunlarını öz meydanında keçirməsi də yubanacaq.

Vəziyyətin bu cür alınmasının səbəbi Tovuzda çay kənarında nəzərdə tutulan məşq meydançalarını inşa etməli olan şirkətin “Turan Tovuz” rəhbərliyini gözləməyə məcbur etməsidir.

Şəhər stadionundakı süni örtük oradan çıxarılıb yeni məşq meydançalarına döşənməlidir ki, əsas arenanı “təbii”yə qovuşdurmaq mümkün olsun. Bu işi görməli olan şirkət əməkdaşlarının Tovuza səfəri yubandığından, məsələ açıq qalıb.

Digər tərəfdən, mütəxəssislər iyul ayında toxum səpməyin faydalı olmadığını da rəsmilərin diqqətinə çatdırıb.

Odur ki, yaxın bir həftə ərzində “sintetika”nın sökülmə işinə start veriləcəyi gözlənilir. Hər halda şirkətdən kluba bu cür deyilib.

Söküntü təxminən 15-20 gün vaxt aparacaq. Avqust ayında isə təbii örtüyün toxumu səpiləcək, müvafiq qulluq metodlarından istifadə olunacaq. Bu proses üçün tələb olunan müddət 2-2,5 aydır.

Beləliklə, bundan sonrakı işlər plan üzrə getsə, Tovuz şəhər stadionu oktyabr ayında yenilənmiş qazonla qapılarını rəqib komandaların və azarkeşlərin üzünə açacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti