
Növbəti mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq “Turan Tovuz”un yay hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.
Qərb təmsilçisində istirahət müddəti bu ayın sonuncu günündə başa çatacaq.
Komanda üzvlərinin baş məşqçi Kurban Berdıyevin tələbinə əsasən iyulun ilk günündə Bakıda bir araya gəlməsi nəzərdə tutulub. Lakin paytaxtdakı hazırlıq prosesi çox çəkməyəcək – cəmi -4-5 gün.
Bu müddətdə futbolçular tibbi baxışdan keçəcək, çəkilər yoxlanacaq, yüngül məşqlər veriləcək.
İyulun 6-da, ya da 7-də “Turan Tovuz” Bakını Ankaraya dəyişəcək. Qərblilər Qızılcahamamda məskunlaşacaq.
Nə az, nə çox, düz 1 ay. Başqa cür desək, komanda yay təlim-məşq toplanışını bütünlüklə qardaş ölkədə keçəcək.
İyulun 15-dən sonra 4-5 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulsa da, rəqiblərin adları hələ ki, məlum deyil.
Kollektiv avqustun ilk həftəsində vətənə qayıdıb, Premyer Liqanın ilk turunun hazırlığını burada davm etdirəcək.
HƏBİB / SPORTİNFO.AZ