
Yay hələ yeni başlayıb, «Turan Tovuz»dan göndərilən futbolçuların sayı artıq 9-dur.
Bu, «bismillah»dır, «yarpaq tökümü»nün davamı gələcək, mütləq gələcək.
Mediada və sosial şəbəkələrdə yayılan xəbərlərə əsaslanaraq deyə bilərik ki, klub rəhbərliyi qarşıdakı günlərdə minimum daha 5-6 nəfəri buradan uzaqlaşdıracaq. Qeyri-rəsmi «qara siyahı»ya nəzər yetirsək, hamısının yerlilər olmasını görərik.
Danışıqlar başlayıb və böyük ehtimalla, Kurban Berdiyev Azərbaycana qayıdana qədər onların heç biri düşərgədə olmayacaq.
14-15 nəfər komandanın 2/3 hissəsi deməkdir. Şübhə yoxdur ki, «Turan»ın ötən mövsüm xidmətindən yararlandığı futbolçuların hamısı Berdiyevin sözüylə ya komandaya götürülüb, ya da saxlanılıb.
Yönəticiləritn ona təsir imkanı sıfıra bərabərdir, Kimi istəyib, keçən yay alıblar, kimi istəməyib, elə o vaxt göndəriblər.
Gözünə döndüyüm «Baba» da ki, necə göz ağardıbsa, kisənin ağzını geniş açıblar, transferlərə kifayət qədər böyük pullar xərcləyiblər, ona ideal şərait yaradıblar. 72 yaşlı qoca yağ-bal içində üzüb, demək olar ki.
Nəticəsi nə oldu bəs? Tarixinin ən böyük büdcəsinə malik «Turan» avrokuboklara vəsiqə qazana bilmədi. Bu kənarda qalmaq, deyəsən, Ehtiram Quliyevi yenə qəflət yuxusundan ayıltmayıb.
Hər halda Kurban Berdiyevin əvvəlki komandanı az qala dağıtmasına, belə deyək, traktorla şumlamaq istəməsinə göz yumur, ona demir ki, axı niyə belə edirsən?
14-15 kənarlaşdırılırsa, deməli, ən azı bu qədər yeni oyunçu alınacaq. Bu, bir neçə milyon məsrəf deməkdir.
Quliyevin puluna heyfi gəlmir yoxsa? Bəlkə də kluba sərf olunan vəsait onun öz cibindən çıxmır, kiminsə pullarıdır, belə rahat-rahat xərcləyir.
Kim bilir..? Nə biləsən? Bu yerdə adamın ağlına yüz cür fikir gəlir. Əlbəttə, bu, iddia deyil, sadəcə, fərziyyədir, ehtimaldır.
Öz aramızdır da, Ehtiram Quliyev bir tikinti adamı olaraq bilmir ki, hansısa evi tikməzdən öncə onu layihələndirmək lazımdır? Ev 1 il içində həmin layihəyə uyğun tikilib, amma ortalığa görünüşü göz oxşamayan nəsə çıxmayıbsa, nə etmək lazımdır onda?
İş icraçısınını yaxasından yapışıb soruşmazlar ki, sənə bu qədər pul verdik, mal-material aldıq, bəs niyə söz verdiyn keyfiyyətli evi tikə bilmədin, yaxud tikmədin?
Birinci elə bu adamdan yapışmaq lazımdır da. Bu məntiqlə Ehtiram Quliyev Kurban Berdiyevi sorğu-sual masasına əyləşdirməli, haqq-hesab çəkməlidir.
O, lazım olanı etmirsə, şübhə yaranır – «Baba»dan uğursuz fəaliyyətin səbəblərini soruşmasına, barəsində sərt qərar çıxarmasına, «get» deməsinə kim və ya nə mane olur?
Görəsən, Quliyev başında dayandığı tikinti şirkətinin mühəndis və briqadirlərinə yol verdiyi hansısa səhvlərə görə də belə rəhmli davranır?
Bu, hardasa inandırıcıdır. Ancaq futbolda bir xəta bəzən milyonlarla vəsaitin havaya sovrulmasıyla nəticələnir. «Turan» bu il Berdiyevlə o fiaskonu yaşadı, di gəl, Quliyev sədri olduğu klubun məşqçi strategiyasına yenidən baxmağa, dəyişiklik etməyə çəkinir.
«Baba»nın adındanmı, arxalandığı şəxslərdənmi qorxur? Bir Berdiyevə görə 1 ili də belə itirdi, ikinci böyük uğursuzluğu yaşamayacaqlarına da heç kim zəmanət verə bilməz.
Nəsə, bu sirli bağlılıqdan gözüm su içmir heç.
MUSA