Ehtiram Quliyev 1 ay sonra tapıldı - O, niyə “Baba”ya sözünü deyə bilmir?

15:00 Turan 652
Ehtiram Quliyev 1 ay sonra tapıldı - O, niyə “Baba”ya sözünü deyə bilmir?

Bir aya yaxın idi ki, Ehtiram Quliyevdən xəbər yox idi.

Eloğlu dünən, nəhayət ki, üzə çıxdı.

David Tavaresin transferi münasibətilə təşkil olunan imza mərasimində yenə poz verdi. Üzünə təbəssüm verdi, bir neçə foto paylaşdı. Səmimi gəlmədi.

Adam öyrəşib belə şeylərə. Kamera önünə keçməkdən, bol-bol şəkil çəkdirməkdən ötrü ürəyi lap sinov gedir. Qoyasan danışsın elə.

Amma deyəsən, dünən yediyi bəzən sabah yadından çıxır.

Kurban Berdiyevin ona avrokubok söz verdiyini demişdi. Çox yox, bu neçə ay qabaq. «Yutub» kanallarından birində açıqlamışdı həmin söhbəti.

Aradan keçən müddət «Baba»nın xeyrinə işləmədi. «Turan Tovuz» mövsümün ikinci yarısında tam fiaskoya uğradı, Premyer Liqada medalçılar sırasına düşmədi.

Bütün ümidlərini «Qarabağ»a bağladılar, gəl ki, burada da «Sabah» son saniyə qolları ilə kuboku qazanan tərəf oldu.

Tavaresin təqdimat mərasimində peyda olan Ehtiram Quliyevin yadına düşmədi ki, Kurban Berdiyevlə söhbətinin yekunu barədə də bir-iki kəlmə nəsə desin, klubun mətbuat xidməti də açıqlama yaysın.

Tovuzlu azarkeş neyləyir e, onun şəkil çəkdirməsini, onlara uğursuzluğun səbəblərini birinci şəxsin dilindən eşitmək, baş məşqçinin aqibətini bilmək maraqlıdır.

Doğrudan da, görən, bir ara media-ulduz olan Ehtiram bəy niyə indi o haqda heç nə demir, danışmır? Bəlkə bir çoxumuzun fikirləşdiyi kimi, o, «Baba»dan çəkinir?

Bu mövsüm «Turan Tovuz»a xərclənən pul ötən illərlə müqayisəyə gəlməz. Yəqin edirik ki, Ehtiram Quliyev o milyonları küçədən yığmayıb, zəhmət çəkib.

Əmbə ki, özünü elə aparır, təəssürat yaranır ki, itirilən sezon, puça gedən zəhmət, havaya sovrulan «n» qədər vəsait içini sızıldatmır.

Sizə belə gəlir. Ehtiram Quliyev, əslində, acığından dinmir. Ola bilsin, yanlış qənaətdəyəm, ancaq bəndəniz bu fikirdədir ki, bu dəqiqə dünyada ən çox əsəbi olduğu şəxs varsa, o, Kurban Berdiyevdir.

İxtiyar onda deyil, ona görə də səsini çıxara bilmir. Berdiyevi gətirən gətirib bura. «Baba»nın arxasında dayanan NƏHƏNG İNSAN barədə eşitmisiz yəqin.

Güman ki, Quliyev məhz onunla münasibətlərinin korlanmaması üçün Berdiyevin üstünə getmir, özünü sakit aparır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti