
"Turan Tovuz" yay fasiləsində ilk transferini rəsmi elan etdi.
Bölgə klubu heyətini David Tavareslə gücləndirdi.
Portuqaliyalı legionerin keçidi Aleks Serranonun yerini doldurmağa hesablanıb.
Kobe Verdeli bunu bacara biləcəkmi?
İndidən bu suala cavab tapmaq çətindir, amma müəyyən müqayisələr apara bilərik.
26 yaşlı David ispaniyalı ilə müqayisədə daha gənc, daha enerjilidir.
İkili mübarizələrdə daha çox olur, əksəriyyətindən qalib ayrılır.
Meydanın dərinliklərindən topu irəli daşımağı yaxşı bacarır.
Texniki bacarıqları da Serranodan geri qalmır.
Düzdü, hədəfləri böyüyən tovuzlular üçün yeni mövsüm gedənlərin yerinə gələnlər daha artığını vermək məcburiyyətindədir.
İlk baxışdan David uğurlu transfer kimi görünür. Ən azı Serranodan geri qalmayacaq kimi gəlir.
Amma neqativ düşüncə yaradan məqamlar da yox deyil.
Rumıniya Super Liqasında son illər əsas söz sahibləri FCSB, CFR Cluj, "Dinamo", "Rapid" klublarıdır.
Hətta ortabablarla belə Azərbaycan klublarının bir neçəsi başabaş oynaya, üstünlük qazana bilər.
Yəni sadaladığımız böyüklərdən savayı digərlərində ciddi səviyyə fərqi yoxdur.
26 yaşlı yarımmüdafiəçi isə nəinki liderlər, heç ortabablarda da yox, autsayder "Buzau"da çıxış edib.
Və 23 oyunda onun da kömək etdiyi Buzau şəhərinin təmsilçisi 16 komanda arasında 20 xalla sonuncu pilləni tutaraq liqanı tərk edib.
Digər vacib məqam mərkəz yarımmüdafiəçisinin bir yerdə sabit qərar tutmamasıdır.
3 illik anlaşma uzun müddətli plandan xəbər verir.
"Turan"a qədərki karyerası isə onun 1 mövsümlük futbolçu olması görüntüsü yaradır.
Son 10 ildə 10 komanda dəyişib. Ortalama hər mövsümə 1 komanda deməkdir.
"Sportinq"lə "Benfika"nın U-19 və B komandalarını kənara qoysaq 3 peşəkar klubda forma geyinib.
2020/21 mövsümünü "Moreyrense"də, 2021-23-cü illər arasında "Familikao", 2023/24 mövsümünü "Torrense"də və 2024/25 mövsümünü isə "Buzau"da keçirib.
Gördüyünüz kimi, yalnız "Familikao" iki sezon ardıcıl duruş gətirə bilib.
Bu da bir futbolçu üçün kifayət qədər vacib məqamdır.
O, eyni tendensiyanı "Turan"da davam etdirəcək, yoxsa son verəcək? Buna artıq qarşıdakı mövsümün gedişində tamaşa edəcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ