
Avrokuboklara vəsiqə qazana bilməyən “Turan Tovuz”da heyətlə bağlı radikal dəyişiklik yaşanacaq.
Bölgə təmsilçisi doqquz futbolçu ilə yolların ayrılması ilə bağlı rəsmi məlumat yayıb.
Siyahıda yer alanlardan bir neçəsi əsas heyətin üzvü sayılırdı ki, aralarında Alexandro Serranonun olması təəccüb doğura bilməz.
Elə buna görə də tovuzlu azarkeşlər sosial şəbəkə hesabları vasitəsi ilə ispaniyalı yarımmüdafiəçinin gedişinə üzüldüyünü bildirir, müəyyən mənada etiraz edir.
Serranonun cavabı özünü çox gözlətməyib. O, “instagram” hesabında etdiyi paylaşımla tovuzlu fanatlara səslənib:
“Salam, ”Turan” azarkeşləri.
İki il birlikdə olduqdan sonra hamınızla vidalaşıram. İlk andan sevildiyimi hiss etdim və mənə verdiyin sevginin bir hissəsini geri qaytarmağa çalışdım. “Turan Tovuz”u təmsil etmək və formasını geyinmək çox xoş idi.
Bu iki il ərzində yolum kəsişən bütün insanlara, xoş anları və soyunub-geyinmə otaqlarını bölüşdüyüm bütün komanda yoldaşlarıma, tibb işçilərinə, geyim menecerlərinə, klubda işləyən və gündəlik həyatımızı çox asanlaşdıran hər kəsə təşəkkür etmək istəyirəm.
Mənə imkan yaratdıqları üçün Ayxan Abbasova, Kurban Berdiyevə və əməkdaşlarına da təşəkkür etmək istəyirəm.
Klubun günü-gündən böyüməsi üçün göstərdiyi bütün səylərə görə prezident Ehtiram Quliyevə və peşəkarlığına və daim anlayış göstərdiyinə görə Səməd Nəsibova xüsusi təşəkkür edirəm.
Bütün 2Turan Tovuz” ailəsinə təşəkkür edirəm! Ümid edirəm yollarımız bir gün yenidən kəsişər”.
30 yaşlı yarımmüdafiəçi bölgə təmsilçisinin şərəfini qoruduğu son iki ildə daxili yarışlarda meydana çıxdığı 72 oyunda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ