
Premyer Liqanı dördüncü pillədə başa vuran “Turan Tovuz”da ilk ayrılıqların yerlilərlə bağlı olduğunu xəbər vermişdik.
Baş məşqçi Kurban Berdıyev klubla müqaviləsinin müddəti başa çatan Eltun Turabov və Sadiq Quliyevlə sözləşmənin yenilənməməsini istəyib.
Hər iki futbolçu yeni mövsümlə bağlı klub axtarışına çıxıb.
Rusiyalı çalışdırıcı daha iki nəfərin yola salınmasına dair qərar verib. Və hər ikisi həmyerliləridir.
Söhbət Anton Kraçkovski ilə İvan Konovalovdan gedir.
Əsas heyətdə möhkəmlənə bilməməsi bir yana, meydanda nadir hallarda görünən Anton, Berdıyevin yanlış transferi idi və özü də bunu dərk edirdi.
İvan isə ümidləri doğrultmayıb. Təcrübəli çalışdırıcı böyük inam bəslədiyi rusiyalı qapıçıdan istədiyini ala bilməyib.
“Turan Tovuz”la anlaşma müddəti başa çatan hər iki əcnəbi karyerasını başqa klubda davam etdirmək məcburiyyətində qalıb.
HƏBİB / SPORTİNFO.AZ