
Futbolla nəfəs alan tovuzlu azarkeşlər baş məşqçinin əlindən boğaza yığılıb.
Tovuzda kimi dindirirsən, hamı bir nəfər kimi Kurban Berdıyevin oynatdığı futboldan və bunun nəticəsi olaraq nəticələrdən narazılıq edir.
Üçüncü yer uğrunda mübarizə aparan bölgə təmsilçisinin şənbə günü yarımcan “Neftçi”yə uduzması (1:2) yerli fanatları tamamilə özündən çıxardı.
Əvvəki dönəmlərdə “Turan Tovuz” məğlub olanda belə, azarkeşlərin matçdan sonra futbolçuları alqışladığına az şahidlik etməmişdik. Ancaq bu dəfə əksi baş verdi.
Topçular üzrxahlıq niyyəti ilə tribunaya yaxınlaşanda fitə basıldılar, bezmiş tərəfdarlardan “lazım deyil” sözlərini eşitdilər. Legionerlərə isə bu müraciəti fərqli formada - əllərini göyə qaldırıb X (iks) formasında yelləməklə çatdırdılar.
Bununla ürəyi soyumayan tribuna qəhrəmanları yerli futbolçulardan üçünü – Faiq Hacıyev, Eltun Turabov və Mehman Hacıyevi məhəccərlərin önünə çağırıb, etirazlarını bildirdilər. Bərbad oyun və uğursuz nəticələrə görə bezdiklərini gizlətmədilər.
Maraq üçün bildirək ki, bölgə təmsilçisi Premyer Liqada keçirdiyi son 10 oyunun yalnız 1-də qələbə qazanıb ki, onda da 45 dəqiqə azlıqda oynayan “Sabah”ı məğlub etmək mümkün olub.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN