
“Neftçi” – “Turan Tovuz” qarşılaşması prinsipiallığına görə bəlkə də “Qarabağ” – “Araz-Naxçıvan” matçının kölgəsində qalacaq.
Lakin söhbət turnir cədvəlinin əhəmiyyətindən gedirsə, Tovuzdakı qarşılaşmanın yekun nəticəsi meydan sahiblərinə “ikinci həyat”ı verə bilər.
Bürünc medallar uğrunda mübarizə aparan “Turan” üçüncü pillədəki “Araz-Naxçıvan”dan 6 xal geridə qalır. Naxçıvanlıların bazar günü “Qarabağ”a uduzmaq ehtimalını nəzərə alsaq, bu, Kurban Berdıyevin komandası üçün əla şansdır.
Belə ki, “Araz” məğlub olsa, “Turan” da son həftələrdə heç-heçələri sıralayan “Neftçi”yə yenilgi acısı yaşatsa, üçüncü və dördüncü pillələr arasındakı fərq 3-ə enıəcək. Bu, sona 2 tur qalmış qərbliləri sözün əsl mənasında ümidləndirəcək.
Lakin bir əmma var. “Turan” cari mövsümdə “ağ-qaralar”a qarşı keçirdiyi matçların heç birində rəqibini məğlub edə bilməyib. Komandalar üç dəfə üz-üzə gəliblər və bütün hallarda xalları yarı bölüblər – 0:0, 1:1, 1:1.
Söhbət Berdıyevin komandasından gedirsə, kollektiv son 9 oyunda yalnız “Sabah” üzərində qələbəyə sevinib. Həmin matç ki, rəqib ikinci hissəni bir nəfər azlıqda oynamışdı və “Turan”ın hər iki qolu fasilədən sonraya təsadüf etmişdi. Başqa bir məqam qərblilərin son 3 qarşılaşmada qələbə üzünə həsrət qamasıdır.
“Neftçi”dəki vəziyyət isə daha betərdir. Paytaxt təmsilçisi kubok görüşü də daxil olmaqla son 5 oyunda meydanı qələbəsiz tərk edib, son 3 görüşü heç-heçə başa vurublar.
Bir sözlə, Tovuzda oxşar taleləri yaşayan komandaların duelinə şahidlik edəcəyik.
Mayın 10-da baş tutacaq duelin start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ