
Kurban Berdıyevin bəyəndiyim xüsusiyyətlərindən biri əvəzedici komandaya diqqət ayırmasıdır.
O, davamlı olaraq ikinci komandanın matçlarını izləyir.
Təcrübəli mütəxəssislə bərabər əsas komandanın bir çox üzvünü tez-tez "Turan-2"nin oyunlarında meydana çıxan görürük.
Arasında legionerlərin yer almasını xüsusi qeyd etmək olar.
Əslində Əvəzedici Liqanın varlığının səbəblərindən biri də əsas komandada az şans qazanan, zədədən yeni qayıdan futbolçuların oradakı oyunlarda meydana çıxmaqla formada qalmasıdır.
Digər faydası təcrübəli futbolçuların yanında gənclərin inkişafı daha sürətli gedəcək. Bu yanaşmadan həm əsas komanda, həm də ikinci komanda eyni anda fayda görmüş olur.
Sadəcə bizdə digər klubların belə təcrübədən yararlanmasına az-az hallarda şahid oluruq. Bir çox klubumuzunda hətta il ərzində bir nümunə belə yoxdur.
Təbii ki, digər səbəblərdən biri də gənclərin özünü göstərib, əsas komandaya dəvət olunmasıdır.
Türkmənistanlı məşqçinin siyahısında belə adlar da yox deyil.
Onları davamlı əsas komandanın məşqlərinə dəvət edir.
Amma təəssüf ki, arxada qalan müddətdə birinə rəsmi görüşdə şans tanımayıb.
Heyətdə ciddi zədələr var. Bəzən və cəzalılar da onlara qoşulur.
Areş Qaderi, Anton Kraçkovski kimi çox bərbad əcnəbilərə yer tapılır.
Bunun fonunda belə həmin gənclərə qapı açılmır.
Uzun müddət lider olan komandanın "dişə batan" bir gənci yoxdurmu?
İnandırıcı gəlmir.
Görünür, 72 yaşlı mütəxəssis risk etmək istəmir.
İkinci komandanın görüşlərini izləmək təqdirəlayiq haldırsa, onlara 30 tur ərzində bircə dəfə güvənməmək qorxaqlıqdan başqa bir şey deyil.
XANOĞLAN İMANOV