
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev «yenilik» edib.
Avrokuboklara vəsiqə arzusu gözündə qalan, bununla belə, komandanın baş məşqçisi Kurban Berdiyevə güldən ağır söz deyə bilməyən rəhbər şəxs bütün acığını akademiyada çalışanların «üzərinə töküb».
Bu barədə saytımıza klubun uşaq futbolunda çalışan məşqçilərdən bir neçəsi məlumat verib.
Onlar redaksiyamızla əlaqə saxlayaraq, əməkhaqlarının kəsildiyini bildiriblər:
«Biz bunu Ehtiram müəllimdən gözləməzdik. Özü hər yerdə deyir, müsahibə verir ki, mən uşaq futboluna diqqət ayırıram.
Oradan elə deyir, buradan da pulumuzu azaldır. «Turan Tovuz»un ən ac vaxtında, Nadir Nəbiyevin direktor işlədiyi vaxt bizə 12 ayın maaşını verirdilər.
Ondan sonra müqaviləni 11 aya endirmişdilər, indi də 10 ay... Qorxuruq ki, sabah da gəlib deyər, heç bunu da vermirəm, üç-beş ay maaş alacaqsız, qurtardı.
Biz artıq ondan bunu da gözləyirik. Hamımız ailə başçısıyıq, yeganə iş yerimiz akademiyadır.
İki ay əməkhaqqı almasaq, onları necə saxlayaq? Gedib küçə süpürək, yoxsa qapı-qapı düşüb dilənçilik edək?
Rayon yeridir, başqa çox iş də yoxdur. Ehtiram müəllim özünü bir anlıq bizim erimizə qoysun.
Təsəvvür eləsin ki, evdəkilərin üzünə necə baxacaq.
İndiki vəziyyətdə iki ay maaş verməyn rəhbər sonra da bizdən nəticə istəyəcək, deyəcək ki, yaxşı uşaq yetişdirin. Belə münasibət olmaz».
SPORTİNFO.AZ