
2025/2026 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klubların adlarına aydınlıq gəlib.
Bu, ölkə kubokunun finalında "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə yenən "Sabah" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb və Avropa Liqasına vəsiqə əldə edib.
Premyer Liqada ikinci yeri tutmuş "Zirə" və üçüncü pilləyə sahiblənmiş "Araz-Naxçıvan" Konfrans Liqasında yarışacaq.
Premyer Liqanın çempionu "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq.
Çempionatı dördüncü pillədə başa vurmuş "Turan Tovuz" isə avrokubok şansını itirib.
Həə…
Belə yerdə deyirlər ki, özgəsinə ümid olan şamsız qalar.
«Turan» 2025-ci ilə uğursuz başlayıb, mart və aprel aylarında medalçılar sırasına düşmək şansını itirəndə, Ehtiram Quliyev anlamalı idi ki, Kurban Berdiyevə bu qədər pul xərcləməklə nə boyda səhvə yol verib!
İş adamı bütün bunlardan sonra bütün gümanlarını «Qarabağ»a bağlamışdı. «Köhlən atlar»ın kuboku qazanıb, onlara da avrokubok yolu açacağına inam bəsləyirdi.
Hər şey son ana qədər onun arzuladığı istiqamətdə gedirdi, amma final fiti Quliyevin bütün xəyallarını suya qərq etdi. Beləcə, «Turan»ın «köhnə dünya»ya dönüşü 30 ildən bir az da o tərəfə keçdi.
Alınmadı.
Ehtiram Quliyev harada və hansı məqamlarda xətaya yol verdiyini analiz etməli, bilməlidir artıq.
Səhvlərini bir-bir gözünün önünə gətirməli, onlardan nəticə çıxarmalıdır.
«Turan» tikinti biznesmeni üçün bir vitrindir. Şəxsini geniş kütləyə tanıtmaq, reklamını aparmaq üçün.
Özünü gözə soxmaq, yaxşı reputasiya qazanmaq üçün. Daha üst dairlərlə münasibətlərini yaxınlaşdırmaq, bəlkə də yeni imtiyazlar əldə etmək üçün.
Götürdüyü istiqaməti özü seçdi. O yolla getmək üçün bəzi insanların haqqına girdi.
10 ildən artıqdır Tovuz futbolunun yükünü çiyinlərində daşımış Nadir Nəbiyevi, komandaya öz cibinin pulunu xərcləmiş Ayxan Abbasovu buradan uzaqlaşdırdı.
«Turan» deyəndə, birinci yada düşən isim Nadir Nəbiyevdir. Kimin əziyyətini yerə vursa da, gərək onu klubda saxlayardı, darvazanın o üzündə saxlamazdı.
İcraçı direktorun zəhmətini görməzdən gəlməklə, o, «Turan»ın bugününü və sabahını itirdi. Nəbiyev qarışqa deyil ki, rahat-rahat tapdalayıb, üstündən keçəsən.
Rəhbər odur ki, yeri gələndə, heç qarışqanı da incitməməlidir.
Bilmirəm, Ehtiram Quliyev belə şeyləri başa düşür, düşmür. Ancaq etdiyi yanlışlar, səhv kadr seçimləri «Turan»ı son anda avrokubok qapısından geri qaytardı.
Açıqlanan rəsmi hesabatda göstərilir ki, bu il kluba 7 milyon manatdan az vəsait xərclənib. Reallıqda isə həmin rəqəm göstərilən məbləğdən bir xeyli çoxdur.
Təkcə Kurban Berdiyevlə anlaşmaya xərclənən vəsait çuval-çuvaldır. Mediada yayılan xəbərlərə istinad etsək, rusiyalı çalışdırıcı illik 850 min dollar qarşılığında Azərbaycanda işləməyə razılıq verib.
Ötənilki heyətin saxlanılmasına, yeni transfer əməliyyatlarının həyata keçirilməsinə xərclənən paralar artırıldı. «Baba»nın məşqçi korpusunda yer alan köməkçilər da 3-5 manatın acı deyil - onlara da yüksək əməkhaqqı ödənilir.
Hər oyundan sonra paylanan 40-100 min manat civarında mükafatlar… Komandanın Bakıda yerləşməsi, Tovuza 1 günlük qayıtmaq üçün ayrılan xüsusi qatar reysləri, otel, qida xərcləri…
Bunlar böyük məsrəflərdir! Altı-yeddi milyon manat bunun yanında heç nədir.
Yaşam və iş tərzi bumernaqdır. İnsanlarla necə davranacaqsan, işini nə cür quracaqsan, onun da qarşılığını alacaqsan.
Kamera önündə gülümsəməklə, pafoslu açıqlamalar verməklə yaxşı rəhbər olmaq olmur. Gərə həqiqətən yaxşı rəhbər olasan, işçiyə, yeni iş həyatında sənə yol açanlara qiymət verməyi bacarasan.
Quliyev Tovuzda futbolu yaşadanları bir kənara çəkib atmaqla özünə qarşı narazı kəsim yaratdı, onların könlünü almadı, hətta xeyir-şərlərində iştirak etmədi.
Pul çox şeydir, amma hər şey deyil axı…
Könül almağı, küskün qəlbləri oxşamağı da biləsən. Ehtiram Quliyev bütün bu mənəvi amilləri nəzərə almadı.
Odur ki, hansısa ilahi qüvvə ən həssas və həlledici anda onun və «Turan»ın Avropa yolunu bağladı, dedi, di get indi!
MUSA