
“Turan Tovuz”u avrokuboklara daşımağı bacarmayan Kurban Berdiyev islahatlara başlayıb.
«Baba» ləqəbli rusiyalı çalışdırıcı bu prosesə yerlilərdən start verib.
Azərbaycanda keçirdiyi ilk mövsümdə ümidləri doğrultmayan mütəxəssis bu dəfə Veysəl Rzayevi «qara siyahı»ya daxil edib.
O, Sadiq Quliyev və Eltun Turabovdan sonra tovuzlu yarımmüdafiəçinin də üstündən xətt çəkib.
Rzayev son üç sezonu doğma rayonunda keçirib. «Turan» əvvəlcə «Sabah»dan icarəyə götürdüyü Rzayevlə ötən ilin yayında 2 illik müqavilə imzalayıb.
Veysəl bu mövsüm sərgilədiyi oyundan çox, qalmaqallı davranışı ilə diqqət çəkib. O, «Səbail»lə 0:0 bitən səfər matçından sonra tovuzlu azarkeşlərlə mübahisə edib, tribunaya qalxaraq dalaşıb.
Əlbəttə, Berdiyev bu hərəkətindən dolayı Veysəli komandasından uzaqlaşdırmır. Sabiq «Rubin»li həmin mövqeyə yeni legioner gətirməyi planlaşdırıb.
SPORTİNFO.AZ