Autsayderlərin bombardiri iddialı Azərbaycan klubunda nə edə bilər?

22 İyul 17:00 Sumqayıt 573
Autsayderlərin bombardiri iddialı Azərbaycan klubunda nə edə bilər?

"Sumqayıt" yay fasiləsində növbəti transferini elan edib.

"Kimyaçılar" hücum xəttini Aleksandr Ramalinqom ilə gücləndirib.

Madaqaskardan olan forvard bizə heç də yad sima deyil.

32 yaşlı legioner hamımıza "Səbail"dən yaxşı tanışdır.

O, 2023/24 mövsümünü Bayıl təmsilçisində keçirib.

Özü də kifayət qədər parlaq çıxışla.

Hər halda, meydana çıxdığı 38 görüşdə 17 qolla yadda qalması belə düşünməyə əsas verir.

Premyer Liqada 35 oyunda vurduğu 15 qolla komandasının bombardiri olan Ramalinqom Premyer Liqanın bombaridirlər cədvəlində yalnız aktivində 20 qolu olan "Qarabağ"lı Olavio Juninyodan geri qalmışdı.

Onun bir uğurlu mövsümü yetərli olmuşdu ki, "Zirə", "Sabah" kimi iddialı klublardan təklif almışdı.

Amma daha çox pul təklif İsraildən gəlincə ölkəni tərk etmişdi.

Bəs arxada qalan 1 ildə madaqaskarlı özünü necə göstərib?

"Bney Saxnin"də də işlərin pis getmədiyini deməliyik.

Qısa müddətdə əsas heyət üzvünə çevrildiyi komandada meydana çıxdığı 30 matçda adına 9 qol yazdırıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kifayət qədər yaxşı göstərici hesab etmək olar.

Bir sözlə, bombardir kimi yola saldığımız hücumçu ümidləri doğrulda bilib.

Amma işin bir əmması var...

Aleksandr özü yaxşı çıxış sərgiləsə də komandası uğursuz mövsüm keçirib.

Belə ki, "Bney Saxnin" 14 komanda arasında mövsümü 12-ci sırda tamamlayıb.

"Sumqayıt"ın isə hədəfləri böyüyüb. "Kimyaçılar" qarşısına birmənalı olaraq avrokuboklara çıxmaq məqsədi qoyub.

Maraqlıdır, "Səbail", "Bney Saxnin"də kimi iddiasız, liqada qalmaq uğurunda mübarizə aparan kollektivlərdə varlığını göstərən Ramalinqom iddiası böyük olan "Sumqayıt"da eyni keyfiyyətlərini ortaya çıxara biləcəkmi?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda