
«Sumqayıt»ı növbəti mövsümdə Saşa İliç çalışdıracaq.
«Kimyaçılar» serbiyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb.
Balkanlının ölkəmizdə nə qədər pul qazanacağı da aşağı-yuxarı bəllidir. «Gənclik şəhəri» təmsilçisi ona hər ay 13 min dollar civarında maaş alacaq.
47 yaşlı İliçin məşqçi karyerası çox da zəngin deyil. O, baş məşqçi kimi fəaliyyətə 2021-ci ilin 17 avqustunda ölkəsi Serbiyada - "Çukariçki"də başlayıb və debüt mövsümündə 8 ay işləyib.
Sonrakı illərdə Bolqarıstanda SSKA (Sofiya), Yunanıstanda "Atromitos" və Rusiyada "Pari NN" komandasında fəaliyət göstərib.
Hələlik onun məşqçi kimi ən yüksək nəticəsi isə Bolqarıstanda olub. 2022/23 mövsümündə ordu klubu onun rəhbərliyi altında mövsümü 2-ci yerdə başa vurub.
Saşa İliç son olaraq Rusiyada - "Pari NN"də işləyib. 2024-cü ilin mayında bu kluba baş məşqçi təyin edilən İliç komandanı Premyer Liqada saxlaya bilib.
Amma onun Rusiya karyerası çox çəkməyib. Baş məşqçi təyin edildikdən cəmi 5 ay sonra - 2024-cü ilin oktyabrında qarşılıqlı razılaşma ilə "Pari NN"lə yolları ayırıb.
SPORTİNFO.AZ