“Qalatasaray”lı İliçlə indiki İliç - MÜTLƏQ OXUYUN!

16:40 Sumqayıt 225
“Qalatasaray”lı İliçlə indiki İliç - MÜTLƏQ OXUYUN!

Uzun çək-çevirdən sonra “Sumqayıt”ın yeni baş məşqçisinin adına aydınlıq gəldi.

Qarşıdakı 1 ildə komandanı Saşa İliç çalışdıracaq.

Azərbaycanlı futbolsevərlərə əsasən “Qalatasaray”da top qovduğu dönəmdən tanış olan serbiyalı çalışdırıcı zəngin futbolçu karyerasına malikdir.

23 illik peşəkar karyerasının 18-ni “Patrizan”a həsr edən keçmiş yarımmüdafiəçi Belqrad təmsilçisinin heyətində 800-dən çox oyunda forma geyinməklə ən çox oyun keçirən futbolçu kimi adını klubun tarixinə yazdırıb.

Keçmiş Yuqoslaviya liqasında 5, Serbiya çempionatında 6 dəfə çempionluğu bayram edib, ümumilikdə 7 dəfə ölkə kubokunu qazanıb. 18 ildə 18 titul qazanmaqla bu göstəricidə də liderlik etməkdədir.

2004-cü ildə icarə əsasında La Liqada mübarizə aparan “Selta”nın şərəfini qoruyub, 2005-2007-ci illər aralığında “Qalatasaray”ın heyətində Super Liqada 59 matçda 22 qola imzasını yazdırmaqla yanaşı, çempionluğu bayram edib, 2007-2010-cu illər aralığında Avstriya “Zalsburq”unda legioner həyatı yaşamaqla 34 görüşdə 8 dəfə fərqlənib, 2009-cu ildə icarə əsasında “Larisa”nın (Yunanıstan) formasını tərlədib.

1977-ci ildə anadan olan İliç futbolçu karyerasını 2019-cu ildə, başqa cür desək, 42 yaşında başa vurub.

O, 2000-2003-cü illər aralığında Serbiya və Monteneqro millisində 29 oyunda 4 qol vurub, 2003-2008-ci illərdə Serbiya yığmasında 8 matçda şans qazanıb.

Maraqlıdır ki, 2003-cü ildə Azərbaycan ilə Serbiya və Monteneqro seçmələri arasında baş tutan iki oyunun heç birində iştirak etməyib.

Məşqçilik fəaliyyətinə gəlincə, 2019-cu ildə futbolçu karyerasını başa vuran kimi Serbiyanın U-17 millisində köməkçi-məşqçi kimi debüt edib.

Cəmi 1 ay çalışandan sonra Serbiyanın U-16 yığmasına baş məşqçi təyin olunub, buradakı fəaliyyəti 1 il çəkib. O, bu müddətdə U-21 millisində köməkç-məşqçi funksiyasını da yerinə yetirib.

2021-ci ilin martından avqust ayına kimi Serbiyanın əsas millisində yenə köməkçi işini görəndə, “Çukariçki” rəhbərliyi İliçi baş məşqçi postuna dəvət edib, o da bununla razılaşıb. Cəmi 8 ay çalışdırdığı komandanı 27 oyunda meydana çıxarıb.

2022-ci ilin iyun ayından 2023-cü ilin iyul ayına qədər Sofiya ÇSKA-sının nəticələrinə cavabdehlik daşımaqla 44 matçda texniki zonada yer alıb.

Serbiyalı Bolqarıstandan ayrılandan cəmi 3 ay sonra özünə yeni iş yeri tapıb. Bu dəfə Yunanıstana gedərək “Atromitos” azarkeşlərinə təqdim olunub. Lakin buradakı fəaliyyəti də 7 ayı əhatə edib ki (28 oyun), 2024-cü ilin mayında vəzifəsindən ayrılıb.

Və dərhal Rusiyaya yollanaraq “Pari Nijnıy Novqorod”la müqavilə bağlayıb. Burada da çox qalmayıb – cəmi 5 ay.

Göründüyü kimi, məşqçilik fəaliyyətində hələ sözünü deməyi bacarmayıb. Futbolçu kimi tanıdığımız İliçlə indiki İliçin arasında böyük fərq var.

Görək “Sumqayıt”dakı günləri nə qədər çəkəcək, klubun tarixində hansı izləri buraxacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?