
"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç artıq Azərbaycandadır.
47 yaşlı mütəxəssis dünən axşam saatlarında Bakıya çatıb.
Serbiyalı bu gün ictimaiyyətə təqdim olunacaq.
Onunla anlaşmanın müddəti 1+1 ildir. Razılaşmaya görə, balkanlı çalışdırıcı üzərinə böyük öhdəlik götürüb.
O, "kimyaçılar"ı təkrar Avropaya qaytarmaq vədi verib. Əgər İliç sözünün üstündə dayansa, kontraktı avtomatik yenilənəcək.
Serbiyalı ötən mövsüm Rusiyada "Pari NN"ə rəhbərlik edib. Onun komandası 22 oyundan 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb.
Müqaviləsini pozduqdan təqribən 1 il sonra İliç "Sumqayıt"la anlaşıb.
Saşa İliç Serbiyanın U-16, U-18 yığmalarında, eləcə də "Çukariçki", Bolqarıstanın MOİK (Sofiya) və Yunanıstanın "Atromitos" klublarında baş məşqçi kimi çalışıb.
Keçmiş hücumameylli yarımmüdafiəçi Serbiyanın "Partizan", İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray", Avstriyanın "Zaltsburq", Yunanıstanın "Larissa" komandalarının formasını geyinib.
«Gənclik şəhəri» təmsilçisi ötən mövsümə Samir Abasovla başlayıb.
O, oktiyabrda «Neftçi»yə yollanandan sonra kollektiv Vaqif Cavadova tapşırılıb. 2,5 illik müqaviləyə imza atmış gənc çalışdırıcı bu ilin mayında istefaya göndərilib.
Sırf nəticələrə görə. Komanda ölkə kubokunda mübarizəni erkən başa vurubsa, Premyer Liqada səkkizinci yeri tutub.
SPORTİNFO.AZ