
«Sumqayıt» yeni baş məşqçisinin adını ən qısa zamanda açıqlayacaq.
Hər halda klubun prezidenti Riad Rəfiyev saytımıza belə söyləyib.
O, ad çəkməsə də, komandanın sükanı arxasına əyləşdirəcəkləri mütəxəssisin kifayət qədər tanınmış olduğunu anons edib.
SİTAT:
“Bu vəzifəyə bir neçə namizəd var. Hamısı xarici məşqçidir. Onlardan biri ilə müqavilə bağlamağa çox yaxınıq.
Demək olar müqavilə şərtlərində razılığa gəlmişik. Proses, uzağı, iyulun ilk həftəsinədək çəkəcək.
Təyinatın ondan o yana qalacağını düşünmürəm. Bu gün deyə bilərəm ki, yeni baş məşqçimiz kifayət qədər tanınmış biri olacaq.
Sürpriz təyinat kimi qarşılanacağı qənaətindəyəm. Demirəm bütün dünyada, amma Avropada tanınmış məşqçidir”.
Redaksiyamıza daxil olan son məlumata görə, «kimyaçılar» Blaqoja Milevski ilə danışıqlar aparıb.
54 yaşlı çalışdırıcı 2021-ci ildən Şimali Makaedoniya yığmasında işləyir. Onun yerli federasiya ilə müqaviləsinin başa çatmasına hələ 6 ay qalıb.
«Gənclik şəhəri» təmsilçisi bunu nəzərə alaraq, qurumdan icazə alıb və Milevski ilə dəyirmi masa arxasına əyləşib.
O, 2019-2021-ci illər aralığında baş məşqçisi olduğu Şimali Makedoniyanın gənclər yığmasını Avropa çempionatının final mərhələsinə daşıyıb.
2011-ci ildən məşqçilik karyerasına start verən Milevski ötən müddətdə yerli «Vardar»la yanaşı, İsraildə «Aşdod»u çalışdırıb.
SPORTİNFO.AZ