
Vaqif Cavadovun "Sumqayıt"dan göndərilməsinin 1 ayı tamam olur.
Arxada qalan müddətdə "Kimyaçılar" 2 rəsmi oyunda da meydana çıxıb.
Mövsümün başa çatmasından isə 2 həftədən artıq vaxt ötür.
Artıq heyətin komplektləşdirilməsinə başlandığını da demək olar.
Düzdü, yeni transfer yoxdur. Amma gedənlərin siyahısı kifayət qədər genişdir.
Rəsmi olaraq 3 futbolçunun adı açıqlanıb. Qeyri-rəsmi isə sayın bundan ən azı 3 dəfə çox olduğu dəqiqdir.
Bir sözlə, hər fazada aktivlik var, zaman sürətlə ötür, amma tək sakitlik baş məşqçi postu ilə bağlıdır.
Hələ də məlum deyil ki, bu klubu kim çalışdıracaq.
Hə, düşünə bilərsiniz ki, yeni mövsümün başlanmasına hələ 2 ay var.
Amma görülməli olan işlər də az deyil axı.
Görünən odur ki, heyətin 70-80%i yenilənəcək.
Xırda proses deyil. 3-5 yeni transfer bəzən həftələrlə zaman alır.
12-13 yeni oyunçunun tapılmasına ciddi əmək sərf olunmalıdır.
Yeni baş məşqçinin şəhərlə, komanda ilə tanışa olmağına zaman lazımdır.
Müqaviləsi olanlar ona lazımdırmı?
Cavab məlum deyil.
Təlim-məşq toplanışı ilə bağlı planı kim quracaq?
Cavab məlum deyil.
Niyə? Görəsən, klub rəhbərliyi nəyi gözləyir?
Namizədlərə baxmaq, seçim etmək, son qərarı vermək bu qədərmi çətin oldu?
Yaranmış durğunluq haqlı olaraq azarkeşləri də narahat edir.
Uğursuz mövsümün dərdi bitməmiş, naməlum gələcək barədə düşünməyə məhkum qalıblar.
XANOĞLAN İMANOV