
Vaqif Cavadovun Premyer Liqadakı fəaliyyəti cəmi 7 ay davam etdi.
Samir Abasovun “Neftçi”yə gedişindən sonra oktyabrda baş məşqçi postuna gətirilən 35 yaşlı mütəxəssis “Kəpəz”ə yenilgidən sonra istefaya göndərildi.
Cavadov Sportinfo.az-a açıqlamasında “debütünüz niyə gözlənilən kimi alınmadı” sualını cavablandırıb:
“Səbəblər müxtəlifdir, konkret nəyisə əsas gətirə bilmərəm.
Bilirsiz ki, qış fasiləsində cəmi üç futbolçu ilə gücləndik. Altı nəfəri göndərdik, hansı ki, onlardan üçü əsas heyət üzvü idi. Əvəzində üçünü transfer etdik.
Siyahıda 27 futbolçunun adı var idi deyə, daha çoxunu gətirə bilmədik. Mövsümün əvvəlində limit dolmuşdu.
Buna baxmayaraq, pis mübarizə aparmadıq. “Qarabağ”ı çıxsaq, digər rəqiblərlə başa-baş mübarizə apardıq. Bəzən şanssızlıq ucbatından vacib xallar itirdik. Halbuki həmin oyunları qalib başa vura bilərdik.
Komandanı mən qurmamışdım deyə, Premyer Liqadakı debüt ilimdə “Sumqayıt”ı elitada saxlamağım xoş hal kimi qəbul edilməlidir.
Düzdür, klub üçün yaxşı nəticə deyil. Lakin sadaladığım obyektiv səbəbləri göz önünə alsaq, normal sayıla bilər”.
Azərbaycan millisinin sabiq “7 nömrə”si “Sumqayıt”ın nəticələrini İngiltərənin aparıcı klubları ilə müqayisə edib:
“Mançester Yunayted”lə “Tottenhem”in hansı çəkiyə sahib olduqlarını hər kəs bilir. Bu gün bu komandalar Premyer Liqada 16-17-ci yerlərdə qərarlaşırlar.
Nəticələri heç bir halda qənaətbəxş hesab oluna bilməz. Lakin irəliyə baxır, işlərinə davam edirlər. Və ən vacibi, Premyer Liqadakı yerlərini qoruyublar.
Bir mövsüm qeydə alınan uğursuzluq hartdasa qəbul oluna bilər. Önəmli olan strategiya qurmaq, irəliyə inamla baxmaq və gələcəkdə uğurlu nəticələr əldə etməkdir”.
“Sumqayıt” Vaqif Cavadovun rəhbərliyi altında 28 oyun keçirib (Premyer Liqada 25, Azərbaycan kubokunda 3) ki, 7 qələbə qazanılıb, 6 heç-heçə əldə olunub, yerdə qalan 15 qarşılaşmada məğlubiyyət acısı yaşanıb.
HƏBİB