
“Sumqayıt”dan ayrılan Vaqif Cavadov hələ ki, gözləmə mövqeyindədir.
35 yaşlı çalışdırıcının karyerasını sözügedən klubda davam etdirəcəyi dəqiqdir.
Lakin hansı komandada çalışacağı barədə məlumat yoxdur.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi Azərbaycan millisinin sabiq üzvünə yenidən əvəzedici komandanı həvalə edəcək.
Sadəcə aktual sualın öz cavabını tapmasını gözləyirlər – növbəti mövsümdə Əvəzedicilər Liqası keçiriləcək, yoxsa yox?
Liqanın ləğvi barədə müəyyən müzakirələr davam etdiyindən, Cavadovun dönüşü müəmmalı qalıb. Hər şey plan üzrə getsə, cari mövsümün əvvəlində cavabdehliyini daşıdığı “Sumqayıt-2”yə qayıdacaq.
Vaqif Cavadov ötən ilin oktyabrında “Sumqayıt”ın əsas komandasında Samir Abasovu əvəz etmişdi.
“Kimyaçılar” onun rəhbərliyi altında 3-ü ölkə kubokunda, 25-i Premyer Liqada olmqla 28 oyunda meydana çıxıb və cəmi 7 qələbə qazanıb.
34-cü turda səfərdə “Kəpəz”ə 0:1 hesablı məğlubiyyətdən sonra keçmiş “7 nömrə” tutduğu postdan uzaqlaşdırılıb.
HƏBİB / SPORTİNFO.AZ