
Ötən bazar bölgədə baş tutan “Kəpəz” – “Sumqayıt” görüşü qalmaqalsız ötüşmədi.
Matçın sonlarına yaxın iki komandanın futbolçuları arasında meydanda başlayan söz atışmasına ehtiyat oyunçular skamyasındakılar da qoşulunca, insidentin miqyası böyüdü.
Xüsusən “kimyaçılar”ın kapitanı Vüqar Mustafayevi sakitləşdirmək mümkün deyildi.
Nəticədə baş hakim İnqilab Məmmədov həm onu, həm də ehtiyat qapıçı Rəşad Əzizlini qırmızı vərəqə ilə vaxtından əvvəl paltardəyişmə otağına göndərdi.
Sportinfo.az-a danışan Mustafayev yaşananları şərh edib:
“Matçın gedişində futbolçular arasında anlışmazlıq oldu. Mən, Rəşad Əzizli və digərləri aranı sakitləşdirmək üçün meydana daxil olduq.
Lakin kənardan müdaxilə edildi. O an nə baş verdiyi açığı, tam yadımda deyil.
Çünki belə hallarda emosiyaları cilovlamaq olmur. Bəlkə də qırmızı vərəqəlik nəsə var idi.
Ancaq hakim mənə “qırmızı” verdisə, rəqibə də eyni münasibəti göstərməliydi. Çünki orda tullanıb-düşən tək mən deyildim.
Yəni münaqişəyə biz səbəb olmamışdıq. Biz meydana futbolçuları sakitləşdirmək üçün çıxmışdıq.
İndiyə qədər meydanda nə qədər kobudluq etsəm də, rəqiblərə hörmətlə yanaşmışam. Sərt oynamışam, sonra əl uzadıb ayağa qaldırmışam.
Futbolda belə hallarla çox üzləşmişik. Oldu, keçdi”.
30 yaşında futbolçu karyerasını başa vurmağa hazırlaşan Vüqar Mustafayevlə vida müsahibəsini yaxın günlərdə saytımızda oxuya bilərsiz.
HƏBİB
Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: