
"Sumqayıt" bir neçə gün əvvəl İsa Sulimanla yeni müqavilə imzaladığını açıqladı.
İki illik müddəti əhatə edən anlaşma bir qədər qəribə qarşılandı.
Bu da əbəs deyil.
Axı pakistanlı futbolçu bu mövsümü bütünlüklə başa vurub.
Ötən yay Türkiyə toplanışında zədə alan müdafiəçi indi-indi kollektiv məşqlərə qoşulur.
Mövsümün onun üçün bitdiyi aylar əvvəl məlum idi.
Bu qədər uzun müddət yaşıl meydanlardan kənarda qalan birinin yenidən toparlanması heç də asan olmayacaq.
Belədə müqaviləsi bitən İsa ilə yeni müqavilə imzalamaq kifayət qədər riskli idi. Yolların ayrılması üçün kifayət qədər uyğun görünürdü.
Klubun buna getməməsində İsanın jesti vacib rol oynayıb.
27 yaşlı legioner klubda qalmasını özü şəxsən xahiş edib. Həm də daha aşağı maaş müqabilində.
O, bir ilə yaxın davam edən zədə müddətində gördüyü diqqətin qarşılığında kluba xidmət etməyi özünə borc bilib.
Və vəfa borcunu bu şəkildə ödəmək istədiyini dilə gətirib.
Nəticədə onunla yolların davam etdirilməsi qərara alınıb.
Təcrübəli futbolçunun yay təlim-məşq toplanışda tam gücü ilə iştirak edəcəyi gözlənilir.
XANOĞLAN / SPORTİNFO