
“Sumqayıt” Premyer Liqada ardıcıl yeddinci oyunu qələbəsiz başa vurdu.
Sonuncu dəfə martın 16-da Tovuzda yerli komanda üzərində 2:1 hesablı qələbəyə sevinən “kimyaçılar” o gündən bu yana keçirdiyi oyunların 5-də məğlub olub, 2-də heç-heçəyə nail olub.
Bazar günü Tovuzda “Kəpəz”ə 0:1 hesablı yenilgi sumqayıtlıların turnir cədvəlinin 9-cu pilləsinə yuvarlanması ilə nəticələndi.
Sportinfo.az-a açıqlama verən yarımmüdafiəçi Rövlan Muradov “niyə məğlub olduz” sualını cavablandırıb:
“Məşqlərini və ev oyunlarını təbii örtüklü meydanda keçən komandalar üçün Tovuzda oynamaq həqiqətən çətindir.
Bunu uduzmağımıza bəhanə göstərmək istəmirəm. Sadəcə oyunumuzun istədiyimiz kimi alınmamasının səbəblərindən birini deyirəm.
“Kəpəz”in futbolçuları bəzi məqamlarda bizdən daha istəkli görünürdülər. Bu istək də rəqibin təzyiq etməsinə və penaltiyə səbəb olmağımıza gətirib çıxardı.
Yekun nəticəni də məhz həmin penalti qolu müəyyənləşdirdi. Hiss olunurdu ki, elitada qalmaq tapşırığının öhdəsindən gəlinməsi “Kəpəz”in futbolçularını həvəsləndirib.
Tək bununla kifayətlənməyib, daha üst pilləni arzulayırlar. Günah özümüzdədir. Qol epizodlarından yararlansaydıq, hesab başqa cür ola bilərdi”.
Bu yenilgidən sonra “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
HƏBİB