Azərbaycana dönməyə “ok” deyən baş məşqçi onlara telefon açdı, dedi ki…

14:40 Sumqayıt 645
Azərbaycana dönməyə “ok” deyən baş məşqçi onlara telefon açdı, dedi ki…

"Sumqayıt"a qayıtması gündəmdə olan Aleksey Baqa buradakı bir neçə tanışı ilə əlaqə saxlayıb.

Belaruslu mütəxəssis vaxtilə onun rəhbərliyi altında oynamış futbolçular və işçilərlə rabitə qurub.

O, Azərbaycana dönməyə razılıq verdiyini, yenidən "gənclik şəhəri" təmsilçisində çalışmaq üçün səbirsizləndiyini bildirib.

Deyib ki, klubda yarımçıq qalan işləri var və onları tamamlamaq niyyətindədir. Baqa əminliklə söyləyib ki, budəfəki təyinatı həm onun, həm də "Sumqayıt" üçün faydalı olacaq.

"Kimyaçılar" yeni baş məşqçisinin adını mayın sonunda açıqlayacaq. Klub rəhbərliyi Aleksey Baqa ilə anlaşma əldə edib.

Onun komandanın Premyer Liqadakı son iki matçını canlı izləmək üçün Azərbaycana gəlməsi gözlənilir.

İlk dəfə 2021-ci ilin dekabrında bura baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.

Belaruslu "Sumqayıt"dan başqa, "Sokol" (Rusiya) “Şaxtyor" (Soliqorsk), BATE, “Jalqiris” (Litva) və “Aktobe”ni (Qazaxıstan) çalışdırıb. O, BATE, "Şaxtyor" və "Jalqiris"ə çempionluq titulu qazandırıb.

"Sumqayıt" dünən Vaqif Cavadovla yollarını ayırıb. Qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında baş tutan iclasdan sonra qəbul edilib.

Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Premyer Liqanın XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.

Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti