
"Sumqayıt" yeni baş məşqçisinin kimliyini mayın sonunda açıqlayacaq.
Redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi Aleksey Baqa ilə anlaşma əldə edib.
Belaruslu mütəxəssislə bütün müqavilə şərtlərində razılığa gəlmək mümkün olub. Onun komandanın Premyer Liqadakı son iki matçını canlı izləmək üçün Azərbaycana gəlməsi gözlənilir.
İlk dəfə 2021-ci ilin dekabrında bura baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.
Belaruslu "Sumqayıt"dan başqa, "Sokol" (Rusiya) “Şaxtyor" (Soliqorsk), BATE, “Jalqiris” (Litva) və “Aktobe”ni (Qazaxıstan) çalışdırıb. O, BATE, "Şaxtyor" və "Jalqiris"ə çempionluq titulu qazandırıb.
"Sumqayıt" bu gün Vaqif Cavadovla yollarını ayırıb.Qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında baş tutan iclasdan sonra qəbul edilib.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.
"Sumqayıt" son olaraq Premyer Liqanın XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.
Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
SPORTİNFO.AZ