
"Sumqayıt" üçün mövsümü uğurlu hesab etmək olmaz.
Ötən yay ölkəmizi Konfrans Liqasında təmsil edən "kimyaçılar" bu il elitada qalmağın sevincini yaşayır.
Belədə baş məşqçi Vaqif Cavadovun postunda qalıb-qalmaması daha çox müzakirə olunur.
Məncə, gənc mütəxəssisə toxunmaq ədalətli qərar hesab edilə bilməz.
Bəli, Cavadovun rəhbərliyi altında klub heç cür sabit oyun sərgiləyə bilmədi.
Stabillik yaratmaq böyük bəlaya çevrildi. Xüsusilə qış fasiləsindən sonra.
Məşqçi kimi yanaşması, dəsti-xətti olduğunu görməzdən gəlmək insafdan olmaz.
Amma icrada problemlər yaşandığı ortada.
Hə, ötən yay heyəti özü qursaydı, problemi də onun üzərinə atmaq olardı.
Nəzərə alaq ki, 35 yaşlı çalışdırıcı 10-cu turda "Sumqayıt"ın başına keçib.
Özünün qurmadığı heyətlə yola davam edib.
Düzdü, qış fasiləsində edilən transferlər onun adındadır.
Ancaq unutmayaq ki, yayda yığılan heyət, keçirilən təlim-məşq toplanışı bir baş məşqçi üçün çox önəmlidir.
Ona görə də Cavadovun vəzifəsində qalması mütləqdir.
Yayda öz komandasını qurar, istədiyi hazırlığı keçər ən geci qışa kimi "Sumqayıt"ı oyunlara çıxarar.
Bax, onda onun barəsində yekun rəy vermək olar.
XANOĞLAN İMANOV