
Hazırda hücumçu sarıdan bolluğa düşən tək-tək klublardan biri «Sumqayıt»dır.
Vaqif Cavadovun sərəncamında olan ön xətt oyunçularından sayı nə az, nə çox, düz 4 nəfərdir.
Bu mənada ona bəxtəvərlik gətirənlər var. Və düz də edirlər.
Üç turluq uğurlu seriya Mərdəkanda son buldu. «Araz-Naxçıvan» istəkli oyunu ilə 3 xalı cibinə qoydu.
Ciddi müqavimətlə üzləşmədilər. «Sumqayıt» müdafiə və hücum fazasında onlara uduzdu.
Deyəsən, Vaqif Cavadov artıq arxayınlaşıb və bu arxayınlaşma ondan futbolçularına keçib. Final fiti çalınanda, heç də üzgün görünmürdülər.
Aralarında iki-üç nəfər dilxor halda və yavaş addımlarla ümumi dəhlizə tərəfə üz tutdu. Qalanları isə heç nə olmamış kimi.
Dörd hücumçusu olan baş məşqçi bir Roi Kehatdan asılı vəziyyətdə çalışmamalıdır. İsrailli yarımmüdafiəçi «kefkom»dur. Nə vaxt ürəyi istəyir, onda da oynayır. İstəməyəndə də komandada heç nə alınmır.
Düzdür, Kehat bu dəfə bir-iki epizoda girdi, amma o, həminki Kehat deyildi. Öncəki həftələr bundan yaxşı təsir bağışlamışdı.
Mənə elə gəlir ki, Vaqif Cavadov hücumçuları ilə işini düzgün qurmayıb. Odur ki, onlardan necə və nə vaxt, oyunun hansı bölümündə istifadə edəcəyini hələ də bilmir.
Nəvaxtdır buradadırlar, sanki ilk dəfədir bir yerdəymiş kimi oynadılar. Tam bir nabələd kimi.
Mehdi Cənnətov yenə formadan uzaqdır. Hara gəldi, nətəhər gəldi, ora-bura tullanır.
O, başqa bir şey bacarmır.
Xəyal Feyzullayev qapıda dayananda, futbolçu yoldaşları da özünü meydanda rahat hiss edir. Mehdi komandaya arxayınlıq vermir, onlarda narahatlıq yaradır.
MUSA