
"Sumqayıt" mayın 12-də baş məşqçisi Vaqif Cavadovla yollarını ayırdı.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
35 yaşlı mütəxəssislə ötən il 2,5 illik müqavilə imzalanmışdı.
Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Onun ayrılması daha öncədən gözlənilirdi. Saytımız hələ mayın 5-də istefanın anonsunu vermişdi və üstündən bir həftə keçəndən sonra «daşlar yerinə oturdu».
Bu arada redaksiyamıza məlum vida hadisəsinin məğzi ilə bağlı bəzi yeni məlumatlar daxil olub.
Premyer Liqanın XXXIV turunda "Kəpəz"ə 0:1 hesabıyla uduzduqları matçdan öncə düşərgədə gərginlik pik həddə çatıb. Baş məşqçi ilə bəzi futbolçular arasında mübahisə düşüb.
Eyni zamanda isə rəsmilərlə Cavadovun söhbəti alınmayıb. Gənc çalışdırıcı akademiyanın yetirməsi olan gənclərə şans verməkdən imtina edib və beləcə, həftələr öncə razılaşdırılmış məsələyə barmaqarası yanaşıb.
Digər tərəfdən, o, Rövlan Muradov daxil, rəhbərliyin üzünə ağ olan, yeni müqavilə imzalamayan oyunçuları ehtiyatda saxlamaqdan boyun qaçırıb və onları start heyətinə daxil eləyib.
Bu da funksionerlərin səbr kasasını daşırıb, Cavadovla sağollaşmaq fikrini qətiləşdiriblər.
SPORTİNFO.AZ