«Sumqayıt» rəhbərliyi Vaqif Cavadova vaxt verib.
Ən azından, qış fasiləsinə kimi Premyer Liqada özünü göstərmək imkanına malikdir.
Bu müddətdə nəticələri düzəldə bilsə, vəzifəsinin önündən «müvəqqəti» sözü götürüləcək.
Premyer Liqada işləmək Cavadovun yeni arzusu deyil, o, nəvaxtdır bu xəyalla yaşayır.
«Turan Tovuz»la matçdan sonra mətbuat konfransında səsinin tutulmasından da hiss etdik ki, necə həyacanlıdır və arzularının arxasınca getmək üçün əlindən gələni əsirgəməyəcək, sonadək mübarizə aparacaq.
Mən bu ağır yolda ona uğurlar arzulayıram. Hər halda cavan məşqçidir, gələcəyi qabaqdadır, şansdan yararlamaq naminə gecə-gündüz çalışacaq.
Düzü, «Sumqayıt» Cavadovun debüt qarşılaşmasını pis keçirmədi. İlk dövrədəkindən fərqli cizgilər müşahidə etdik oyun ərzində. Ən başlıcası, o, sürət qatıb komandaya.
Topa sahib olmağa cəhd edən, futbolçularından tez düşünməyi istəyən «Sumqayıt»la tanış elədi bizi. İcra səviyyəsi o deyil hələ, bunu da söyləyək.
Orta sahədə fərdi səhvlərin çoxluğu açınacaqlı məğlubiyyəti şərtləndirdi.
Oyunun əvvəlində tribunadan «istefa» çağırışları eşidildi. Konkret kim(lər)ə ünvanlandığı bilinməsə də.
Bu bir təsadüfmü? Zənn etmirəm.
Hardasa təxribat kimi gəldi mənə. Sifarişçilərin de-şifrə olunması artıq klub rəhbərliyinin işidir.
Araşdırmaya vaxt ayırsalar, «qazan»ın içindən tanıdıq biriləri çıxacaq, mən buna adım kimi əminəm.
ELNUR