Qazaxıstan millisi AVRO-2024-ün seçmə mərhələsinin final mərhələsinə birbaşa vəsiqə şansını son anda əldən verdi.
Xəzərin o biri tayındakı qonşularımız qrupdakı sonuncu oyunda Sloveniyanı məğlub edə bilsəydi, gələn il Almaniyada keçiriləcək mötəbər yarışın planlarını hazırlayacaqdı.
Son tura qədər, yəni 9 oyundan sonra Danimarka, Sloveniya, Finlandiya, Şimali İrlandiya və San-Marino kimi rəqiblərin yer aldığı qrupda Qazaxıstanın aktivində 18 xal var idi.
Səfərdə Sloveniya üzərində qələbə qazaxların xalının 21-ə yüksəlməsinə səbəb olacaqdı ki, bu, qrup ikincisi qismində AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanmağa imkan verəcəkdi.
Qazaxıstanın son oyundakı məğlubiyyəti ölkədə ciddi narazılığa səbəb olub. Yığmanı 18 xal toplamasına görə alqışlamırlar, əksinə, vəsiqəni son anda əldən verməsinə görə qınayırlar.
Bu ölkədən olan jurnalist, “Za rulem Qazaxstan” jurnalının baş redaktoru Aleksey Alekseyev sosial şəbəkə hesabında olduqca maraqlı paylaşım edib ki, yazılanlardan qonşu ölkədəki vəziyyətin bizdəki ilə eyni olduğunu anlamaq çətin deyil:
“Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Maqomed Adiyev komandanın Sloveniyaya məğlubiyyətinin günahını öz üzərinə götürüb.
Və mən hesab edirəm ki, heç kim heç nədə günahkar deyil.
Futbol ulduzları elə-belə doğulmur. Kök lazımdır. Qazaxıstanda bu yoxdur.
Bizim böyük futbolçumuz olsaydı belə, Avropa onu alardı. Çünki onu saxlayacaq heç nəyimiz yoxdur.
Keyfiyyətli futbol istəyiriksə, əcnəbi futbolçuları almağa ehtiyac yoxdur. Öz oyunçularımızı yetişdirməliyik.
Deyəsən inkişaf üçün nəsə edirik. Demək olar ki, hər həyətdə kiçik futbol meydançası var. Ancaq bu, başa düşdüyünüz kimi, istedad yetişdirmək üçün lazımlı sistem deyil.
Biz sadəcə dünya səviyyəsində futbol oynamağı bacarmırıq. Yalnız “evdə” nəsə edirik, vəssalam. Futbol bizim üçün deyil, biz bunu etiraf etməliyik və buna milyardlar xərcləməməliyik.
Xokkey, boks, güləş, ştanq, şahmat, tennis – bunlar bizlikdir. Ancaq futbol oynamağı bacarmırıq. Bütün qonşularımız da bunu bacarmırlar. Və buna görə üzülmək üçün heç bir səbəb görmürəm. Bu, sadəcə tarixi faktdır.
Beləliklə, qələbələri möcüzə, məğlubiyyətləri isə sıradan nəticə kimi qəbul edirik.
Baş məşqçi və komanda əlindən gələni etdi. Onlara afərin!”
HƏBİB / SPORTİNFO.AZ