“Kaş qolları mən vurmazdım, amma ...” – O, hələ də özünə gələ bilmir

22:40 I Divizion 172
“Kaş qolları mən vurmazdım, amma ...” – O, hələ də özünə gələ bilmir

Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə uğrunda mübarizədə turun sürprizi “Bank Respublika Arena”da yaşana bilərdi.

I Liqada çempionluq uğrunda mübarizə aparan “Səbail” Premyer Liqa təmsilçisi “Zirə”ni mübarizədən kənarlaşdırmağa yaxın idi.

Gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdı. Əlavə olunmuş 30 dəqiqədə komandalar daha bir dəfə fərqləndilər və nəticədə qalib penaltilər seriyasında müəyyənləşdi. Bu mərhələdə daha dəqiq oynayan “Zirə” 1/8-ə yüksəldi.

Oyundan sonra ən çox məyus olan futbolçulardan biri, heç şübhəsiz, “Səbail”in hücumçusu “Dinyo” ləqəbli Aldo Qones Soares idi.

26 yaşlı portuqaliyalı forvard dubl etsə də, onun qolları komandasının mübarizəni davam etdirməsi üçün kifayət etmədi.

“80 nömrə” Sportinfo.az-a açıqlamasında matçla bağlı təəssüratlarını bölüşüb, komandasının məğlubiyyətindən danışıb:

“Çox çətin oyun oldu. Premyer Liqa təmsilçisinə qarşı oynayırdıq və belə matçlar həmişə çətin keçir.

Düşünürəm ki, hər iki komanda qələbə qazana bilərdi. Çünki hər iki tərəf yaxşı futbol nümayiş etdirdi.

Əsas çatışmazlığımız oyuna bir qədər həyəcanlı başlamağımız idi. Bəzi futbolçular, hətta mən özüm də həyəcanlı idim.

Yaxşı ki, 15-20 dəqiqədən sonra oyuna uyğunlaşdıq və öz futbolumuzu oynamağa başladıq. Matçın son saniyələrində qol vurduğum üçün xoşbəxt idim.

Kaş ki, qolları mən yox, başqaları vurardı, amma mərhələni adlayardıq. Təəssüf ki, vurduğum qollar kifayət etmədi

Penaltilər seriyasında isə şanslar 50-nin 50-yədir. Rəqibin də keyfiyyətli futbolçuları var, bizim də. Təəssüf ki, qalib gələ bilmədik.

Deyərdim ki, komandada və özümdə hələ də məyusluq hissi var. Çünki 120 dəqiqə mübarizə aparırsan, amma sonda məğlub olursan.

Bu, çox məyusedici məqamdır. Futboldur, belə hallar qaçılmazdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti