Bildiyiniz kimi, “Sabah” klubu "Bank Respublika Arena"nı tərk edərək bundan sonra ev oyunlarını Mərdəkanda yerləşən stadionda keçirəcək.
Artıq arenada ilk oyun da baş tutub. “Bayquşlar” Premyer Liqanın IX turunda “Qarabağ”ı burada qəbul edib.
Qarşılaşmadan sonra sosial şəbəkələrdə azarkeşlərin müəyyən narazılığı diqqət çəkib.
Xüsusilə, arenadan çəkilən bir video geniş yayılıb. Görüntülərdə stadiona gediş-gəliş, oturacaqlar və parkinqlə bağlı problemlər qabardılıb.
Səsləndirilən iradlarla bağlı klubun mövqeyini öyrənmək üçün “Sabah”a rəsmi sorğu ünvanladıq.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında bildirib ki, azarkeşlərin hər bir müraciətinə ciddi yanaşılır və səsləndirilən iradlarla bağlı müvafiq tədbirlər görülməyə başlanıb:
"Stadionla bağlı azarkeşlərimizin hər bir müraciətinə ciddi yanaşır, səsləndirilən irad və təklifləri nəzərdən keçirərək müvafiq tədbirlər görməyə çalışırıq.
Hazırda “Sabah Arena”da şəraitin yaxşılaşdırılması istiqamətində işlər davam edir. Növbəti oyunlarda azarkeşlərimiz üçün daha rahat şərait yaratmaq məqsədilə lazımi addımlar atacağıq.
Onu da bildirim ki, heç də bütün azarkeşlər narazı qalmayıb. Yayılan bir videoya əsasən bütün azarkeşlərin narazı olduğunu demək olmaz.
Təbii ki, müəyyən azarkeşlərin iradları varsa, klub olaraq buna diqqətlə yanaşırıq. Hər vacib oyundan sonra azarkeşlərin irad və təklifləri ilə bağlı sorğu keçiririk.
Bu dəfə də belə bir sorğu olacaq və onun nəticələrinə əsasən çatışmazlıqlar aradan qaldırılacaq. Bizim üçün azarkeşlərin rahatlığı hər şeydən önəmlidir".
XANOĞLAN/ SPORTİNFO.AZ
