Moskva 1 günün içində qurulmayıb. Valdas Dambrauskas isə «Sabah»ı 1 ilin içində qurub.
Yavaş-yavaş, hissə-hissə, qram-qram. Bu bütöv komandanın hər parçası qiymətlidir.
Ələlxüsus Velko Simiçə aid olan yanı. Ona təəssüflənirəm ki, Çempionlar Liqasının təsnifat mərhələsində fırtına qoparan serbiyalı yarımmüdafiəçi indi o günlərin həsrətini iplə çəkir.
Simiç dünən də xoşuma gəlmədi. Tez-tez gözə dəymədi, məsuliyyəti öz üzərinə götürmədi, sanki gözdən itməyə çalışdı.
Problemi olana oxşayır. Onun kölgəyə çəkilməsi «Sabah»ı həlledici məqamlarda incidir.
Çempionlar Liqası bir başqa səviyyədir. Burada keçən hər dəqiqənin öz hökmü və öz qiyməti var.
ÇL-də hamı parlamır. Rəqiblər səni tərədən-dırnağa analiz edir, tədbir alır.
Dünən də Simiçə «Borussiya» göz qoydu, hərəkət dairəsini daraltdı. Digərlərinə heç nə deyə bilmərəm, kim əlindən nə gəldisə, baş məşqçi nə tapşırmışdısa, onu yerinə yetirməyə çalışdı.
Mən bu siyahıya ikinci hissədə meydana daxil olmuş və qapıçıyla üzbəüz qaldığı epizodda topu «çərçivə»nin yanından vuran Patrik Mbinanı da daxil edərdim.
Qabonlu hücumçu qol vurmasa da, almanların müdafiəsini narahatlıq içində saxladı.
Doğrudan da, üzülməyə dəyər. Dambrauskasın ispaniyalı baş hakim Xavyer Alberola Roxasın final fitindən sonra necə məyus görkəm almasını, üzgün baxışlarla meydanı süzdüyünü, aram addımlarla yaşıl sahəyə doğru getdiyini gördüz də.
Daxillən yanıb-yaxılmaq var ha, ondan pis şey yoxdur.
ELNUR
