“Şamaxı”da vəziyyət qeyri-müəyyəndir.
Sportinfo.az xəbər verir ki, buna səbəb klub rəhbərliyinin yeni mövsümlə bağlı qollarını çırmalamamasıdır.
Baş məşqçi Ayxan Abbasovun komandanı tərk edəcəyi gün kimi aydındır. Onu Azər Bağırovun əvəz edəcəyi böyük ölçüdə dəqiqləşib.
Mövsüm başa çatmadığından və Bağırov hələ ki, “Kəpəz”in nəticələrinə cavabdehlik daşıdığından ortada rəsmiyət yoxdur.
Bundan əziyyət çəkən isə futbolçulardır.
Heyətin yarısından çoxu ilə müqavilə başa çatır. Aparıcı futbolçuların böyük əksəriyyəti yeni mövsümə harada başlayacağını götür-qoy edir.
Bu günə qədər “Şamaxı” rəhbərliyindən heç bir futbolçuya yeni sözləşmə üçün maliyyə təklifinin olmaması qeyri-müəyyənliyə səbəb olub.
Futbolçu “Şamaxı”da nə qədər pul qazanacağını bilmir ki, digər təkliflərin arasından seçim etsin. Kluba yeni sponsorun cəlb olunmaması klubu dövlətdən ayrılan yardıma möhtac edib.
Həmin yardımın, yəni 2,5 milyon manatın təxminən 1 milyonu futbolçuların maaş büdcəsini təşkil edir. Yerdə qalan vəsait məşqçilərin, rəsmilərin və digər işçilərin maaşlarına, yol, nəqliyyat xərclərinə, mükafatlara, digər yaş qruplarına və infrastruktura gedir.
Məsələn, Karim Rossi, Alfons Msanqa, Sezar Enrike, Rüfət Abbasov, Arsen Ağcabəyov kimi aparıcı futbolçuların bölgə təmsilçisi ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatır.
Di gəl, bu günə qədər heç birində yeni təklifin maliyyə şərtləri deyilməyib. Vəziyyətin bu cür olması “Şamaxı”da heyəti qorumaq baxımından ciddi problemə yol açacaq.
Futbolçular məcburdular ki, 5 manat artıq təklif edənə razılıq versinlər.
HƏBİB

