“Şamaxı ilə müqavilənin müddətini uzadacağımı dəqiq bilmirəm. Lakin görünən budur ki, belə olacaq”.
“Şamaxı”nın legioneri Dioqo Balau komandanı tərk etməyəcəyi ilə bağlı Sportinfo.az-a açıqlama verib.
Bölgə təmsilçinin yayda heyətinə qatdığı və kifayət qədər fayda gördüyü bəstəboy cinah yarımmüdafiəçisi oyunu ilə rəğbət qazanmağı bacarıb.
Çıxış etdiyi mövqedə sürətli reydləri və qapı qarşısına ötürmələri ilə seçilən 26 yaşlı portuqaliyalı iş yerini dəyişə bilər.
Premyer Liqanın bir neçə klubu Balauya göz qoysa da, ortada konkretlilik yoxdur. Üstəlik, “Şamaxı” əvvəlki ilə müqayisədə növbəti mövsüm üçün daha əlverişli maliyyət şərti ilə sözləşmə təklif edir.
“11 nömrə”ni dinləyək:
“Bəlkə də maraqlananlar, izləyənlər var. Lakin bu günə olan məlumat budur ki, heç bir təklif yoxdur. Agentimlə danışmışam, o, yeniliyin olmadığını deyib.
Gələcəkdə nə olacağını demək çətindir. Bəzən hər şey 1 dəqiqənin içində dəyişir. Görünən budur ki, “Şamaxı”da qalacağam”.
Dioqo Balau cari mövsümdə “Şamaxı”nın heyətində meydana çıxdığı 33 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
HƏBİB

