Ayxan Abbasovu baş məşqçi postunda saxlaya bilməyən «Şamaxı»nın yeni çalışdırıcısı dəqiqləşib.
Azər Bağırovun «şirlər»lə bir müddətdir apardığı danışıqlar yekunda uğurlu alınıb.
O, artıq 2 illik müqaviləyə imza atıb.
Bağırov bu səbəbdən «Kəpəz» rəhbərliyinin müqaviləni uzatmaqla bağlı ikinci təklifini geri çevirib.
Ötən ilin oktyabrında Gəncəyə qayıtmış və komandanı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlmiş baş məşqçi yeni şərtləri qəbul etməyib.
Tərəflər məşqçilər korpusunun maaş fondunun artırılması konteksində ortaq məxrəcə gələ bilməyib.
Ötən müddət ərzində 10 min manat civarında əməkhaqqı almış çalışdırıcı bu rəqəmə daha 4000-5000 manat əlavə olunmasını istəyib, «hə» cavabı almayıb.
«Şamaxı»nı son iki ildə A.Abbasov çalışdırıb. Əyalət təmsilçisini Premyer Liqada saxlamağı bacaran mütəxəssis bundan sonra diqqətini yalnız milliyə yönəldəcək.
Bu, ən azı 2026-cı ilin dekabrınadək belə olacaq. Çünki AFFA ilə bağladığı müqavilənin müddəti həmin tarixədək qüvvədədir.
İşbirliyinin davam etməsi yığmanın UEFA Millətlər Liqasının D Liqasında qazanacağı nəticələrdən asılıdır. Burada Litva və Lixtenşteynə rəqibik.
Oyunlar bu ilin sentyabr-noyabr ayları aralığında keçiriləcək. Komandamız C Liqasına geri qayıda bilsə. Federasiya Abbasovla anlaşmanı uzadacaq.
SPORTİNFO.AZ

