Premyer Liqadaki yerini qorumaq tapşırığının öhdəsindən gələn “Şamaxı”nı növbəti mövsümdə təhlükə gözləyir.
Baş məşqçi Ayxan Abbasovun komandanı tərk edəcəyi dəqiqləşib.
Həmçinin aparıcı futbolçuların bir neçəsinin buradan ayrılması kifayət qədər realdır.
Elita təmsilçiləri bir neçə futbolçuya daha sərfəli şərtlərlə təkliflərini irəli sürüb ki, onlardan biri də Karim Rossidir.
32 yaşlı isveçrəli forvard Premyer Liqada vurduğu 9, Azərbaycan kubokunda 3 dəfə fərqlənməklə hücumçu keyfiyyətlərini ortaya qoymağı bacarıb.
Səbəbkar Sportinfo.az-a verdiyi müsahibədə hansı klublardan təklif aldığını deməsə də, “Şamaxı”dan ayrılmaq ehtimalını inkar etməyib:
“Şamaxı”da qalıb-qalmayacağımı demək çətindir. Yəqin ki, burada qalmayacağam.
Ancaq futbolda hər şey mümkündür. Bəzən hadisələr bir dəqiqənin içində fərqli istiqamətdə dəyişir.
Düzünü desəm, məqsədim yüksək hədəfləri olan komandada oynamaqdır. İki həftədən sonra klubla müqaviləmin müddəti başa çatır.
Ondan sonra nə baş verəcəyini zaman göstərəcək. Mövsüm başa çatandan sonra təklifləri müzakirə edəcəyəm.
Hücumçu çox qol vuranda ona marağın yaranması anlaşılandır.
Azərbaycanda yaşamaq və oynamaq mənə rahatdır. Lakin indidən burada qalacağımı, yoxsa başqa ölkəyə gedəcəyimi deyə bilmərəm. Bilmək olmaz, bəlkə də Azərbaycanda qalacam (gülür)”.
HƏBİB

