Mayın sonunda Ayxan Abbasovun düşərgəni birdəfəlik tərk edəcəyini bilən «Şamaxı» rəhbərliyi çətin vəziyyətdə qalıb.
Yeni baş məşqçinin kimliyini müəyyənləşdirməkdə problem yaşayırlar. Bunun da iki səbəbi var.
Birincisi, «şirlər» büdcə artımı edə bilmir. AFFA-nın ayırdığı illik yardım paketinin üzərinə 1 manat əlavə etməyən əyalət təmsilçisi qarşıdakı mövsümə də əvvəlki qədər vəsaitlə başlayacaq.
İkincisi, «Şamaxı»nın idarəçilərinə kənar təzyiq və təsirlər çoxalıb. Müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri tez-tez onlarla əlaqə saxlayaraq, ayrı-ayrı məşqçiləri iş başına gətirməyi onlardan xahiş edirlər.
Bu səpgidə olan tapşırıq/müraciətlərin sayı o qədərdir ki… Ayrı-ayrı nazirliklərin nümayəndələri, deputatlar «dirlər»in daxili məsələlərinə qarışır.
Hətta parlamentarilərdən biri özüylə məşqçini də götürərək rayona gəlib, danışıqlarda iştirak edib.
Bu da klubun idarəçiləri arasında narazılıq, fikir ayrılığı yaradıb. Atacaqları addımı konkretləşdirmək onlardan ötrü bir müşküoə dönüb.
Ayxan Abbasovu isə biz bundan sonra bir tək millinin sükanı arxasında görəcəyik. 2025-ci ilin oktyabrında yığmanı Fernandu Santuşdan təhvil alan mütəxəssisin AFFA ilə müqaviləsi bu ilin dekabrınadək qüvvədədir.
SPORTİNFO.AZ

