“Neftçi” qələbələri sıralamaqda davam edir.
30-cu turda səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə udan “ağ-qaralar”ın bu dəfəki “qurbanı” “Şamaxı” oldu.
“Palms Sports Arena”da baş tutan oyunda rəqibinə göz açmağa imkan verməyən meydan sahibləri biri-birindən gözəl qollarla 3:0 hesablı qələbəni bayram etdi.
Sportinfo.az-a açıqlama verən “Şamaxı”nın isveçrəli hücumçusu Karim Rossi yenilginin səbəblərini söyləyib:
“Neftçi” bu gün meydanda üstün tərəf idi və bunun nəticəsində layiqli qələbə qazandı. Sürətli, kombinasiyalı, qısası, yaxşı futbol oynayıb qalib gəldi.
Özümüzə gəlincə, mövsümün sonunda psixoloji baxımdan yorğunluq var.
Məqsədimiz Premyer Liqada qalmaq idi, bunun öhdəsindən vaxtından əvvəl gəldik. Bəlkə də son iki oyundakı məğlubiyyətlərdə bu amilin rolu oldu”.
“Şamaxı” cari mövsümdə “Neftçi”ylə baş tutan ilk iki matçın heç birində uduzmamış, hər iki halda bərabərə qalmışdı.
Maraqlıdır, indi “Neftçi” güclənib, yoxsa “Şamaxı” zəifləyib?
31 yaşlı isveçrəli forvard birinci variantın daha real göründüyünü deyib:
“Məncə, hər ikisi. Lakin “Neftçi”nin qış fasiləsindən sonrakı performansı həqiqətən möhtəşəmdir. Əla futbol sərgiləyir, layiqli qələbələr qazanır.
Fikrimcə, göstərdikləri oyunla avrokuboklara vəsiqəni haqq edir. Bəzən rəqib sənə istədiklərini həyata keçirməyə imkan vermir. Bu gün beləydi”.
HƏBİB

