"Bu gedişlə, meydançaya buraxmağa 11 nəfər tapmayacam"

30 Noyabr 2020 21:00 Səbail 737
"Bu gedişlə, meydançaya buraxmağa 11 nəfər tapmayacam"

«Koronavirusa yoluxan futbolçularımızın çoxluğu bizi küncə sıxır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Koronavirus pandemiyası Azərbaycan Premyer Liqası təmsilçilərinə mənfi təsir edib. Çempionatda çıxış edən 8 komandanın hamısı bu problemlə üzləşib.

Futbolçularla yanaşı, məşqçilər və hətta klub əməkdaşlarının da testlərinin müsbət çıxması halına rast gəlinib. "Səbail"də onların sayı kifayət qədərdir.

Həkim Mahir Ələsgərovla futbolçu Kamal Qurbanov yeni sağalıbsa, Mirsahib Abbasovla Elgün Nəbiyev yaşıl meydana dönmək üçün daha bir həftə gözləməlidir.

Digər oyunçulardan isə Əfran İsmayılov, Vüqar Bəybalayev, Kamran Ağayev və Rauf Əliyev isə hələ də aktiv xəstədir. Dünən "Qarabağ"a qarşı forma geyinməyən Rahid Əmirquliyev isə bu gün növbəti dəfə test verəcək.

Hacıyev yaranmış vəziyyətin artıq nəzarətdən çıxmasından narahatdır: "Beş klubun əvəzedici heyəti var. Lazım olanda, aşağıdan gəncləri çağırıb, şans verə bilərlər.

"Zirə" və "Qəbələ"də "dubl" ləğv olunub. Bizdə isə əvəzedicilərlə yanaşı, 19 yaşlılardan ibarət komanda da fəaliyyət göstərmir. İndi adicə məşq etməyə 15-16 nəfər tapmırıq.

Hər keçən gün xəstələnənlərin sayı bir az da artır. Bu gedişlə, meydançaya buraxmağa 11 nəfər tapmayacam. Bəs biz nə edək? Oyunu 1-2 gün o yan-bu yana ertələməklə problem düzəlmir.

Dünən Rahid oynamalı idi. Bir gün qabaq hərarəti 37 idi. Normal görünürdü. Dünən səhər gəldi ki, qızdırmam 38 olub, özümü halsız hiss edirəm. Onu belə vəziyyətdə bazada saxlaya bilməzdik. Dedim, get evə.

Hər dəqiqə bir şey olur, baş açmırsan ki, kim harada və necə yoluxur. Gözlə görünməyən bir virusdur. Özünü necə qoruyursan qoru, hardansa gəlib səni tapır. Açığı, çox narahatam».

Digər Xəbərlər
Xəbər Lenti