"Asanlıqla təslim olmaq fikrimiz yoxdur" - Aftandil Hacıyev

15 Noyabr 2020 16:00 Səbail 605
"Asanlıqla təslim olmaq fikrimiz yoxdur" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev milli komandaların oyunlarına görə yaranmış fasilə müddətində komandasının hazırlığı və digər sullarla bağlı Sportinfo.az-a müsahibə verib.

- Milli komandaların oyunlarına görə yaranmış fasilə müddətində komandanın hazırlığı necə gedir?

- Həftə içi fiziki durumu yaxşılaşdırmağa yönəlik məşqlərimiz oldu. Həftə sonuna oyun planlaşdırmaqda məqsədimiz bu idi ki, futbolçular praktiki cəhətdən də çempionatdakı növbəti görüşlərə hazır olsunlar. Öncədən də planlaşdırmışdıq ki, son oyunlarda start heyətində oynayanlar bu gün 50-60 dəqiqə meydanda olsun və az oynayan digər futbolçularımıza da şans verək. Həftəlik hazırlığımız planlaşdırdığımız kimi yaxşı keçdi. Oyun planında da müsbət irəliləyişlər oldu.

- "Səbail" son ölkə çempionatında və bu gün də yoldaşlıq görüşündə qələbə qazandı. İstədiyiniz komandanı formalaşdıra bildiyinizi düşünmək olar?

- Qələbə hər zaman xoşdu. Amma məni daha çox sevindirən odur ki, görmək istədiyim oyunu yavaş-yavaş futbolçular çalışırlar nümayiş etdirsinlər. Ancaq təbii ki, səhvlərimiz də az deyil. Hələ çox çalışmalıyıq. Getdikcə oyunumuzun artan tempdə yaxşılaşmağını görmək bizə xoşdu. Son oyunlar yaxşı nəticələr qazanmışıq. Bu o demək deyil ki, növbəti oyunlarda asan nəticə qazanacağıq. Oyunumuz daha da yaxşılaşdırmalıyıq. Qarşıda daha da ağır oyunlar var. Maksimum gücü ortaya qoymalısan ki, nəticələr də yaxşı olsun.

- Son oyunlar yaxşı nəticələr qazandığınızı dediniz. Bu baxımdan fasilənin heç də "Səbail" üçün yerinə düşmədiyini demək olar?

- Bilirsiz ki, heyətimiz elə də geniş deyil. Arda-arda oyunlar oynamaq mənfi də təsir edə bilərdi. Zədəli futbolçularımız var. Belə şeylərə görə, bu fasilə bizim üçün yerinə düşdü. Ancaq təbii ki, son oyunları komanda formada görsənirdi və bundan sonra da çalışırıq ki, tempi aşağı salmayaq. Yoldaşlıq görüşünü də keçirməkdə məqsəd bu idi.

- Növbəti rəqib son 6 görüşü uduzan "Sabah"dı. Rəqibin belə nəticəsi "Səbail"lə oyun öncəsi komandanıza üstünlük verirmi?

- Deməzdim. "Sabah"ın heyətində kifayət qədər keyfiyyətli futbolçular var. Komanda da millidə çıxış edən futbolçular var. Bu gün "Sabah"ın potensialı daha artığını verə bilər. Olduqları yer onların gücünü əks etdirmir. Məğlubiyyətlər ard-arda gəldikcə daha da ciddi, məsuliyyətli oynamağa başlayacaqlar. Biz də bu oyunu asanlıqla təslim olmaq fikrimiz yoxdur. Maraqlı oyun olacaq.

- Kamran Ağayevin hazırkı durumu necədir? Yaxın zamanda onu meydanda görə bilərik?

- Kamran Ağayevin durumu gözlədiyimizdən də sürətlə yaxşılığa doğru gedir. Göz dəyməsin, artıq çəkisinin çox hissəsini ata bilib. Bir az daha səbr etməliyik. Ehtiyatlı olmalıyıq ki, hansısa zədə almasın. Kamranla bağlı planlarımız, mövqeyimiz tələsməməkdir. Önəmli olan onun yenidən futbola qayıtmasıdır. Çünki uzun müddət idi futboldan uzaq qalmışdı. Kamranın bizə kömək etməsindən çox, onun özünü düşünürük. Ona görə də səbr etmək lazımdır. Lazım olan anda, hazır olan məqamda Kamran Ağayev protokola daxil ediləcək. Hər gün, hər dəqiqə nəzarətdədir. Çalışacağıq ki, tezliklə Kamranı meydanda futbol ictimaiyyətinə təqdim edək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti