"Mançester Yunayted" və "Çelsi"nin ulduzları Bakıda görüşdü

25 Fevral 14:50 Səbail 205
"Mançester Yunayted" və "Çelsi"nin ulduzları Bakıda görüşdü

"Səbail" klubunun futbolçusu Maykl Essyen Bakıda səfərdə olan Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb.

"Report"un məlumatına görə, bu barədə qanalı yarımmüdafiəçi özünün "İnstagram" səhifəsində paylaşım edib.

46 yaşlı mütəxəssislə fotosunu paylaşan afrikalı oyunçu bu sözləri yazıb: "Səninlə yenidən qarşılaşmaq əla oldu, Rayan Giqqz".

Essyen "Çelsi"də, Giqqz isə "Mançester Yunayted"də çıxış edərkən dəfələrlə İngiltərə Premyer Liqasında rəqib olublar.

Onlar arasında ən yaddaqalan qarşılaşma isə 2008-ci ildə UEFA Çempionlar Liqasının finalında olub. Əsas vaxtı 1:1 başa çatan həmin matçın penaltilər seriyasında 6:5 hesablı qələbə qazanan Mançester təmsilçisi çempion olub.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Xəbər Lenti