"Səbail"i ələ keçirmək uğrunda mübarizə yenidən qızışır

31 Yanvar 2020 21:22 Səbail 1 548
"Səbail"i ələ keçirmək uğrunda mübarizə yenidən qızışır

Avropa səhnəsindən mövsümün autsayderliyinə qədər yuvarlanmış "Səbail" Antalyada 4 yoxlama matç keçirib. Yeni ilin açılış oyununu Qazaxıstanın “Jetisu”suna məğlubiyyətlə qeyd edən (0:1) "dənizçilər" Donetsk “Olimpik”inə də uduzub (1:3 - Maykl Essyen), Rumıniyanın “Voluntari”si ilə heç-heçə edib (2:2 - Ruslan Hacıyev və Mirsayib Abbasov) və Polşa "Korona"sına qalib gəlib (1:0 – Hendrik Ekşteyn).

Qələbə topunun müəllifi "Sabah"dan ayrılmış cənubi-afrikalı yarımmüdafiəçi Ekşteyndir. 28 yaşlı legioner ilə ilyarımlıq müqavilə imzalanıb. Komanda yeni ilin ilk transferləri Rauf Əliyevlə Murad Qayalıdan savayı, ötən il "Sumqayıt"ın heyətinə də cəlb edilərək meydana çıxmadan komandanı tərk edən, son dayanacağı isə "Qostareş Fulad" olan müdafiəçi Peyman Keşavarzı da mövsümün sonuna qədər sıralarına cəlb edib.

Fasilə dövründə klubu Ağabala Ramazanov, Elvin Yunuszadə və Mirabdulla Abbasovdan savayı, 33 yaşlı ukraynalı müdafiəçi İqor Korotetski və 27 yaşlı moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk da tərk edib.

Qış fasiləsinə Premyer Liqanın sonuncu pilləsində yollanan "Səbail" mövsümün üzümüzə gələn bölümünü özünü qurtarmağa həsr edəcək. Ən azından, buna cəhd göstərəcəklər. Hər halda Aftandil Hacıyevdən başqa heç nə istənilə bilməz. Maliyyə mövzusunu ortalığa atıb elə böyük problemə çeviriblər ki, ən insafsız rəhbərlik də baş məşqçiyə "başından yuxarı tullan" deməz, deyə bilməz.

"Səbail" üçün yeganə stimul, xoş xəbər Ramin Həsənovun icraçı-direktor vəzifəsindən ayrılmasıdır. Gedişi lap yerinə düşdü. O, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan Elxan Məmmədov tərəfindən kluba göndərilmişdi və xüsusi missiya daşıyırdı. Həsənov Məmmədovun buradakı görən gözü, eşidən qulağı, danışan dili, vuran "əl"i idi. Hər şey ondan keçirdi və hər qazanda "qaynayırdı". Suyu bulandıran, Hacıyevin yolunun üzərinə tikan və daş düzən, komandanın uğur qazanmasını istəməyən əsas şəxs idi və o, bundan sonra orada olmayacaq. "Səbail" mövsümboyu yaşadığı iztirabı, çətinlikləri, sıxıntıları, yəqin ki, onun gedişiylə unudacaq, nəhayət, rahat nəfəs alacaq.

Düzdür, yeni icraçı direktorun kimliyi klubun gələcəyini müəyyənləşdirmək mənasında əhəmiyyətlidir. Hələ bir neçə gün gözləmək lazımdır. Qeyri-rəsmi şəkildə prezident səlahiyyətlərini daşıyan Tamerlan Abdullayevin hansı mövqe sərgiləyəcəyi, təyinata təsir gücü bu məsələdə özünü bəlli edəcək. Hər halda o, balaca fiqur hesab olunmur, çünki AFFA prezidentinin qardaşı oğludur. Lakin bunu da nəzərdən qaçırmayaq ki, "Səbail" Elxan Məmmədovun maraq dairəsindədir, yanvarın 28-də rütbəsi xeyli qaldırılıb və belə bir məqamda nəzarətindəki klubu başlı-başlına buraxmaz. Demək ki, "Səbail" uğrunda mübarizə hələ başa çatmayıb, sadəcə, yeni fazaya daxil olub və "mehriban düşmənçilik" bir qədər də qızışacaq.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti