Hacıyev xəbərçilik etsəydi … Abdullayevin yetim günündə olan "oyuncağ"ı

9 Dekabr 2019 16:52 Səbail 1 575
Hacıyev xəbərçilik etsəydi … Abdullayevin yetim günündə olan "oyuncağ"ı

“Səbail”in qələbəsiz oyunlar seriyası 10-a çatıb. Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” ilə matçında 1:4 hesabı ilə uduzan Aftandil Hacıyevin komandası sonuncu dəfə sentyabrın 15-də qalib gəlib.

IV turun “Keşlə” ilə səfər matçında 2:1 hesabı ilə qələbə qazanan “Səbail” son 10 oyunda 3 xal qazanıb. Bu müddətdə 3 heç-heçəsi olan bakılılar 7 dəfə uduzublar. I dövrədə “Qəbələ” (1:1), “Sabah” (0:3), “Neftçi” (1:2) ilə qarşılaşmalarla başlayan seriya II dövrədə də davam edib. Komanda “Sumqayıt” (0:2), “Qarabağ” (0:1), “Keşlə” (0:0), “Qəbələ” (0:3), “Sabah” (1:3), “Neftçi” (0:0) və “Zirə”ni (1:4) yenə bilməyib.

Artıq 84 gündür qalib gəlməyən “Səbail” ən yaxşı halda fevralı gözləməlidir. Gələn il fevralın 2-dəki rəqib isə son çempion “Qarabağ” olacaq. Həmin görüşədək onların həsrəti 140 günə çatacaq.

Bu, gözlənilən idi. Bütün problemlər komandanın Avropa Liqasında çıxışını I mərhələdə başa vurmasından sonra yarandı və yavaş-yavaş böyüdü. Tarixində ilk dəfə Premyer Liqanın bürünc medalını qazanan və qitə arenasına çıxan "Səbail"in büdcəsinin artmasıyla azalması arasında vaxt məsafəsi çox qısa çəkdi. 5 milyon manatdan 2,5 milyon manata düşüş kollektivin gücünü əlindən aldı. Legionerlərin bir neçəsi ard-arda düşərgəni tərk etdi, maaşların və mükafatların ödənilməsində uzun fasilələlər yarandı, beləcə, əhval-ruhiyyə pozuldu və indi göründüyü kimi, komanda yerlərdədir.

"Səbail"də maliyyə böhranı yoxdur. Bu, süni yaradılmış problemdir. AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin məşğuliyyəti üçün yaratdığı klub pul sarıdan korluq çəkirsə, başqalarından heç nə gözlməyə dəyməz. Rəngindən asılı olmayaraq əskinas Abdullayevlər üçün sadəcə "əl çirki"dir, başqa şey deyil. "Səbail"in bir neçə sponsoru var və hamısına bura Rövnəq bəy istiqamətləndirib. Himayədar kimi göstərilən zavod və şirkətlərin hər biri ata Abdullayevə bu və ya digər şəkildə bağlıdır.

Ola bilməz ki, onlar AFFA və SOCAR prezidentinin sözündən çıxsın, verdiyi tapşırığı yerinə yetirməsinlər. Bu, necə problemdir ki, ondan yalnız əsas komanda əziyyət çəkir? "Səbail"in rəsmiləri, işçiləri, akademiyası əməkhaqlarını demək olar vaxtında alır. Onlara verməyə pul tapılır, bu futbolçulara gəlincə isə hər şey ərşə çəkilir. UEFA-dan Avroliqada iştiraka görə klubun hesabına 240 min avro da köçürdü, problem yenə aradan qalxmadı - heç inandırıcı deyil.

İcraçı direktor Ramin Həsənov yüz yerə xərcləməyə pul tapır. Ona elə bu sərf edir. Komandanın turnir cədvəlində sonuncu sıraya enməsi ən çox onun ürəyincədir. Planı Aftandil Hacıyevi "sükan" arxasından uzaqlaşdırmaqdır. Hələ ki, Tamerlan Abdullayev baş məşqçinin arxasında dayanıb və zəif də olsa, onu müdafiə etməkdədir.

De-fakto prezident səlahiyyətlərini yerinə yetirən Rövnəq Abdullayevin qardaşı oğlu getdikcə proseslərə təsir imkanlarını itirir. Artıq əmisi onu dinləmir, klubla bağlı xahişlərini yerinə yetirmir. AFFA prezidenti "Səbail"i nəzarəti Elxan Məmmədova verib, baş katib isə onun yaxın qohumunu incə siyasətlə futboldan uzaqlaşdırmaq yolu seçib. Elə diplomatiya işlədir ki, o özü bezib getsin və bir də arxasınca baxmasın. Əmi Abdullayev federasiyanı idarəetməsinə verdiyi şəxsi qardaşoğlu Abdullayevdən daha çox eşidir. Belə bir söz var ki, ətlə dırnağın arasına girən iylənib çıxar. Amma bəzən belə də olur və baş katib Tamerlan Abdullayevin üzünə gülə-gülə "Səbail"i tamamilə əlinə keçirmək üzrədir.

Mövcud problem Hacıyevin istefasına qədər çəkəcək. O gün gəlsin, bütün çatışmazlıqlar aradan qalxacaq. İcraçı direktor hər mənada Elxan Məmmədovun adamıdır. Həm qohum, həm idarəçi kimi. Dekabrın ilk ongünlüyündəyik, komandada elə futbolçular var ki, avqust ayının əməkhaqqısını dünən-srağagün alıb. Ötən 2-3 ayın ödəməsini gözləyənlər də çoxdur. Borclar xırda-xırda ödənilir ki, bu da kollektiv üzvlərində diskomfort yaradıb. Qulağı hər gün bir şey eşidən, vəziyyətin düzələcəyinə inamını itirən oyunçuları motivasiya eləmək mümkünsüz hala gəlib.

Mayda Premyer Liqanın bürünc medalını qazanmaqlarına görə vəd olunan 5000 manat mükafatdan da xəbər-ətər yoxdur. Rəhbərlikdən bir nəfər nə onlarla görüşür, nə maraqlanır. Ramin Həsənov "ASCO Arena"nu ayaqyoluna döndərən "Keşlə"yə daha çox diqqət göstərir, öz komandası isə heç yadına düşmür. Bu cür laqeyd münasibətlə qarşılaşan futbolçuları Aftandil Hacıyev quru sözlə nəvaxtadək "doyuzdura" bilər ki? Hacıyev xəbər aparıb-gətirən, baş katibə "donos" daşıyan, onun qarşısında quyruq bulayan biri olsaydı, Həsənov kisənin ağzını bu qədər kip bağlamazdı.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti