Budur, «Səbail». Biz sizə nə vaxt nə edəcəyini heç özü də bilməyən.
Kimi udar, kimə uduzar, yalnız fələkə məlumdur.
Dəqiq olan odur ki, Aftandil Hacıyev odla-su arasında qalıb. Meydan verdiyi futbolçuların səviyyəsi o qədər aşağıdır ki…
Hardasa əhval-ruhiyyə adamlarıdır.
9 tur keçib, Hələ heç-heçə etməyib. Bu, «Səbail»in yalnız 3 xala oynamasının isbatı kimi anlaşılmasın. Öz güclərinə inamsızdırlar.
«Tutar qatıq, tutmaz ayran» devizi ilə yaşıl sahəyə ayaq basırlar. Üstlərində bir yük yoxdur, belə də ki, nə olmalıdır, guya? Ələ gələsi, qarın doydurası pul almırlar.
Stimulları, sadəcə, 1 nəfərdir. O da Aftandil Hacıyev. Yalnız onun üçün burada qalır, mübarizə aparırlar.
Baş məşqçyə mənəvi bağlılıqları yüksəkdir. Bir baxın, artıq Hacıyevin da əsəbləri dözmür.
Təbiətcə sakit və səbrli Hacıyev dünən Sumqayıtda bir «ilk» yaşadı. Fərid Hacıyevin hakimlər briqadasının ünvanına qeyri-etik ifadə işlətdi.
Matçdan sonra baş verən bu hadisənin kökü 63-cü dəqiqəyə gedib çıxır.
Referinin rəqibə zərbə endirməsini iddia edib, Nikolas Reyseli birbaşa qırmızı vərəqəylə meydandan kənarlaşdırdığı epizod Hacıyevə necə qərəzli görünübsə, « lənət sənə, kor şeytan » deyib, üstündən keçməyə hövsələsi çatmadı.
Fritz Stuxlik Hakimlər Komitəsinin sədri olduğu hər gün Xaqani Məmmədovun ölənlərinə rəhmət oxutdurur. Elçin Məsiyev, İnqilab Məmmədov, Fərid Hacıyev…
O birilər də var. Bunlar niyə hakim olsun ki..?
Ötən həftə «Sumqayıt»ı Murad Xaçayevin üzərindən «yandırdırdıılar», bu dəfə də «Səbail»i elə-belədən «sildilər».
Hacıyev kimi təmkinli məşqçi bu həddə çatıbsa, görün, həmkarları nə çəkir bu hakimlərin əlindən! Stuxlik qüsura baxmasın, yetişdirdiklərinə hakim demərəm, başqa söz deyərəm. O da buralıq deyil, ayıbdır.
Stuxlik “sex”indən çıxanları harada və hansı prinsiplərlə Premyer Liqaya urcah edib, bunun özü də bir araşdırma predmetidir.
Xəzər Hikmət

