“Tvente” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək cavab görüşü ərəfəsində komandaların 17 il əvvəlki qarşılaşmasını xatırlayıb.
Sportinfo.az xəbər verir ki, Niderland klubunun rəsmi saytı 27 avqust 2009-cu ildə Bakıda keçirilən “Qarabağ” – “Tvente” matçı (0:0, ilk matç 1:3) ilə bağlı yazı dərc edib.
Həmin vaxt komandalar UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparırdılar.
“Tvente”nin o vaxtkı futbolçuları Peter Visgerhof və Duqlas həmin qarşılaşma ilə bağlı xatirələrini bölüşüblər.
Duqlas Bakıya səfəri belə xatırlayıb: “Uçuş kifayət qədər uzun idi, təxminən 5 saat. O vaxt belə səfərləri çox sevmirdim. Evdə 3:1 hesabı ilə qalib gəlmişdik, mən də qol vurmuşdum. Səfər oyununda isə çətinlik çəkdik. Matç 0:0 başa çatdı və növbəti mərhələyə yüksəldiki”.
Visgerhof isə həmin “Qarabağ”ın heyətində Vaqif Cavadovun oyununu xüsusi qeyd edib:
“Vaqif Cavadov “Qarabağ”da oynayırdı. O, fərdi keyfiyyətləri ilə diqqəti cəlb edən futbolçu idi. Yarım il sonra “Tvente”yə gəldi. Həmin vaxt Avropada tez-tez favorit olurduq.
Demək olar ki, həmişə sabit 11-liklə oynayırdıq və itirəcək çox şeyi olmayan komandalarla qarşılaşırdıq. O vaxtkı “Qarabağ”ı indiki klubla müqayisə etmək mümkün deyil”.
O, “Qarabağ”la görüşün yaddaşında qaldığını da bildirib: "Biz “Tvente” ilə Avropada kifayət qədər böyük oyunlar keçirmişik və onları həmişə xatırlayacaqsan. Amma “Qarabağ”la bu cür matçlar da yadda qalır”.
