Azərbaycan komandasından TARİXİ İLK

26 Oktyabr 2021 16:40 Səbail 1 070
Azərbaycan komandasından TARİXİ İLK

Ardıcıl 4 oyun qələbəyə həsrət qalan “Səbail” uğursuzluq sindromuna “Qarabağ”la oyunda son qoydu.

Premyer Liqanın ən kasıb və iddiasız komandası heç kimin gözləmədiyi halda avrokubokların qrup mərhələsindəki yeganə təmsilçimizin qapısından 3 top keçirməklə rəqibin 16 matçlıq məğlubiyyətsizlik seriyasını qırmağa müvəffəq oldu.

Bu qələbə “Səbail”in tarixinə tarixi ilk kimi düşdü. Belə ki, 2017-18 mövsümündən Premyer Liqada iştirak edən “dənizçilər” indiyə qədər heç vaxt 90 dəqiqəlik mübarizədə ağdamlıları məğlub edə bilməmişdi.

16 oyunun 13-nü məğlub başa vurmuş, 2-də heç-heçə oynamış, 1 dəfə texniki qələbə ilə 3 xala sevinmişdilər. Lakin həmin “3 xal” hesaba alınmır. “Səbail” 17-ci cəhdində istəyinə çatdı.

Daha bir diqqətçəkən məqam Aftandil Hacıyevin yetirmələrinin xeyli vaxtdır bir oyunda 3 dəfə qol sevinci yaşamamasıydı.

Sonuncu belə hadisə 2019-20 mövsümündə baş vermişdi. 2020-ci ilin fevralın 16-da “Səbail” Bakıda “Qəbələ”ni qəbul edəndə, 3:1 hesabı ilə qalib gəlmişdi. 17-ci tura təsadüf edən həmin matçın üstündən 20 ay vaxt keçib.

“Dənizçilər” qazanılan vacib qələbə nəticəsində xalların sayını 9-a yüksəldib, turnir cədvəlində “Keşlə” və “Sumqayıt”ı qabaqlamağı bacardı.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti